Bakı, 8 oktyabr,
Təhsil gələcək nəsilləri getdikcə mürəkkəbləşən inkişaf çağırışlarına cavab vermək üçün zəruri bilik və bacarıqlarla təmin edən əsas vasitələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “Davamlı inkişaf siyasəti” adlı dərsliyin təqdimat tədbirində çıxışı zamanı deyib. O bildirib ki, dərsliyin işıq üzü görməsi xüsusilə mühüm vaxta təsadüf edir. Hazırda 2030-cu il Gündəliyinin və BMT-yə üzv bütün dövlətlər tərəfindən 2015-ci ildə qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədinin həyata keçirilməsi üçün beş ildən də az vaxt qalır.
“Davamlı İnkişaf Məqsədləri daha firavan, inklüziv və dayanıqlı gələcəyə doğru ümumi yol xəritəsini təqdim edir. Lakin bu istiqamətdə tərəqqi qeyri-bərabər olaraq qalır. Dünya münaqişələr, bərabərsizlik, iqlim dəyişiklikləri və sürətli texnoloji transformasiyalar da daxil olmaqla, çoxsaylı və bir-biri ilə əlaqəli çağırışlarla üzləşməkdə davam edir. Bu çağırışların öhdəsindən gəlmək üçün güclü tərəfdaşlıq, innovasiya, məlumatlı və uzaqgörən liderlik tələb olunur. Təhsil bu prosesdə əvəzolunmaz rol oynayır.
Bütün Davamlı İnkişaf Məqsədlərinin bir-biri ilə əlaqəli olduğunu nəzərə alsaq, Keyfiyyətli Təhsilə dair 4-cü Davamlı İnkişaf Məqsədi 2030-cu il Gündəliyi üzrə tərəqqinin əsas hərəkətverici amillərindən biridir. Təhsil insanları yalnız biliklərlə təmin etmir, həm də mürəkkəb prosesləri düzgün qiymətləndirmək, yaradıcı düşünmək, problemləri həll etmək və davamlı inkişafa töhfə vermək üçün zəruri olan tənqidi düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqlarını formalaşdırır. Bu baxımdan universitetlərin rolu xüsusilə əhəmiyyətlidir. Universitetlər yalnız təhsil məkanları deyil, eyni zamanda, cəmiyyətlərin gələcəyi üçün zəruri olan ideya və həllərin formalaşdığı tədqiqat, innovasiya və dialoq mərkəzləridir.
Azərbaycana gəldikdə, ölkənin 2030-cu il Gündəliyinə sadiqliyini yüksək qiymətləndirmək istərdim. Azərbaycan Davamlı İnkişaf Məqsədlərini “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə inteqrasiya edib. Düşünürəm ki, Azərbaycanın inkişaf strategiyasında inklüziv artım, insan inkişafı, ekoloji davamlılıq və yaşıl keçid məsələlərinə xüsusi önəm verilir. Qarşımızda duran məsələ yalnız həyata keçirilən tədbirləri sürətləndirmək deyil, həm də davamlı tərəqqini mümkün edən tərəfdaşlıqları və bilikləri gücləndirməkdir”, - deyə Dmitro Şlapaçenko qeyd edib.
O bildirib ki, Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda əsas öhdəlik və vəzifələr hökumətin üzərinə düşür. Lakin hökumət bu məqsədlərə təkbaşına nail ola bilməz. Bunun üçün akademik dairələr, özəl sektor, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları və vətəndaşların özləri arasında sıx əməkdaşlıq qurulmalıdır.
Məhz bu kontekstdə bu gün təqdim olunan dərslik xüsusi əhəmiyyət daşıyır. Tənqidi düşüncəni təşviq etməklə, innovasiyaları dəstəkləməklə və üzləşdiyimiz qarşılıqlı əlaqəli çağırışlar barədə məlumatlılığı artırmaqla bu dərslik daha firavan, inklüziv, dayanıqlı, dinc və davamlı gələcəyin qurulmasına sadiq yeni nəsil liderlərin yetişdirilməsinə töhfə verə bilər.
Müxbir- Nərmin Muradzadə Videooperator - Mir Rəsul Cəfərov Fotoqraf - Nicat Haşımov

