Bakı, 8 oktyabr,
Oktyabrın 19-20-də Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək.
AZƏRTAC Tacikistan Ticarət və Sənaye Palatasına istinadla xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzv ölkələrin ərazisində nəqliyyat dəhlizlərinin inkişafına, logistika infrastrukturunun modernləşdirilməsinə və yükdaşımaların rəqəmsallaşdırılmasına daha çox əhəmiyyət verir.
“ŞƏT-in nəqliyyat və logistikası” ixtisaslaşmış sərgisi üzv dövlətlərin nəqliyyat, logistika, avtomobil sənayesi, nəqliyyat infrastrukturunun inkişafı və müasir logistika texnologiyaları sahəsində potensialını nümayiş etdirmək üçün səmərəli platformadır.
“Xovar” agentliyi yazır ki, sərgidə iştirak şirkətlərə öz fəaliyyət istiqamətlərini təqdim etməyə, yeni işgüzar tərəfdaşlar tapmağa və əməkdaşlığı genişləndirməyə imkan verəcək.
Sərgi çərçivəsində ŞƏT Biznes Şurasının nəqliyyat, logistika və kənd təsərrüfatı üzrə İşçi Qrupunun iclası keçiriləcək. İclasda aparıcı ekspertlər, aidiyyəti nazirliklərin nümayəndələri və logistika şirkətlərinin rəhbərləri ŞƏT məkanında fasiləsiz logistika marşrutlarının yaradılmasını müzakirə edəcəklər.
Qeyd olunan tədbirlərin keçirilməsi praktiki əməkdaşlığın möhkəmləndirilməsinə, müvafiq qurumlarla biznes icması arasında işgüzar əlaqələrin inkişafına, həmçinin ŞƏT məkanında nəqliyyat-logistika sahəsində birgə təşəbbüslərin təşviqinə töhfə verəcək.
Sərgidə iştirak üçün ŞƏT-ə üzv dövlətlərin, eləcə də təşkilat yanında tərəfdaş və müşahidəçi statusuna malik ölkələrin şirkətləri dəvət olunur.


