Bakı, 4 noyabr,
“Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı yekun qərarı isə məşqdən sonra verəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” komandası ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.
Litvalı mütəxəssis süni örtüklü meydançaların futbolçuların sağlamlığına təsiri ilə bağlı fikirlərini bölüşüb. O, bu cür meydançaların daha çox zədəyə səbəb olduğunun elmi cəhətdən sübut edilmədiyini qeyd edib.
Dambrauskas sıx oyun qrafikinin futbolçuların fiziki vəziyyətinə təsirindən də danışıb: “Belə sıx qrafikdə futbolçularda həmişə xırda zədələr və zərbələr olur. Hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyundur və bir çoxlarının arzusudur. Bu turnirdə iştirak etdiyimiz üçün xoşbəxtik”.
Səfərlərin bərpa prosesinə təsirinə toxunan mütəxəssis beş saatlıq təyyarə və ümumilikdə 12 saatlıq qatar səfərinin futbolçuların istirahəti üçün ayrılan vaxtı azaltdığını vurğulayıb: “Əsas çətinlik futbolçuları mümkün qədər dincəlmiş və sağlam vəziyyətdə saxlamaqdır. Bu məsuliyyət həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür”.
Norveçə 26 ildən sonra qayıtması barədə danışan Dambrauskas burada yenidən olmağın onun üçün xoş olduğunu bildirib: “26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Burada yenidən olmaq çox xoşdur və möhtəşəm hisslər yaradır. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.






