Bakı, 29 oktyabr,
Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var. Suyun temperaturu münasibdir, duzluluq səviyyəsi yüksək deyil, güclü axınlar və təhlükə törədə biləcək digər amillər yoxdur. Bu da həm rahat, həm də təhlükəsiz üzmək üçün gözəl imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov Azərbaycanda təşkil olunacaq “Oceanman” mərhələsinə – “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr edilmiş mətbuat konfransında deyib.
O bildirib ki, marşrut üzrə iştirakçılar adanın və fəvvarənin ətrafında üzəcəklər: “İnanıram ki, bu marşrut idmançılar üçün unudulmaz təcrübə olacaq. Yarış çərçivəsində 10, 5 və 2 kilometrlik məsafələr nəzərdə tutulub. Həmçinin uşaqlar üçün 500 metrlik üzgüçülük və komandalar üçün estafet yarışı təşkil ediləcək. Məqsədimiz həm peşəkar idmançıları, həm də açıq suda üzməyə yeni başlayanları bu tədbirə cəlb etməkdir”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək.
Fotoqraf - Səfiyar Məcnun





