Bakı, 8 oktyabr,
Azərbaycan Milli İncəsənət Muzeyində fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Mİlli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin müxtəlif illərdə ərsəyə gətirdiyi 50-ə yaxın fotoəsər nümayiş olunur.
Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, memar, professor və sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev, beynəlxalq foto müsabiqələrin laureatı, kurator Əqdəs Bağırzadə çıxış ediblər.
Çıxışlarda fotoqrafın yaradıcılıq yanaşmasından, şəhər və təbiətə fərqli baxışından, gündəlik həyatda diqqətdən kənarda qala bilən detalları foto vasitəsilə ön plana çıxarmasından söz açıblar. Xüsusilə memarlıq nümunələrinin müəllif tərəfindən olduğu kimi qorunaraq, heç bir süni müdaxilə və dəyişiklik edilmədən təqdim olunması vurğulanıb. Qeyd olunub ki, bu yanaşma fotolarda məkanın real görünüşünün, memarlıq xüsusiyyətlərinin və zamanla formalaşan vizual yaddaşının olduğu kimi qorunmasına töhfə verir.
Sonda “Socar Downstream Managment” şirkətinin texniki xidmətlər departamentinin aparıcı mühəndisi, əsərlərin müəllifi Rauf Əskəri Nəsirov çıxış edərək sərginin ərsəyə gəlməsində dəstək göstərən hər kəsə və qonaqlara təşəkkürünü bildirib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Fotoqrafiya Rauf Əskəri Nəsirovun uşaqlığından yaradıcı maraq dairəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Uzun illər müxtəlif sahələrdə, o cümlədən yaradıcı mühəndis kimi fəaliyyət göstərən müəllif son illərdə fotoqrafiya sahəsində peşəkar fəaliyyətini intensivləşdirib.
Fotoqrafın yaradıcı yanaşmasının əsasını gündəlik həyatın müşahidələri zamanı nəzərdən qaça biləcək məqamların qeydə alınması təşkil edir. Müəllif əvvəlcədən müəyyənləşdirilmiş süjetlərdən daha çox, real həyatın axarında qarşısına çıxan təsvirlərə, işıq və kölgə münasibətlərinə, təzadlara və təsadüfi kompozisiyalara diqqət yetirir.
Sərginin əsas mövzusunu Bakı şəhəri və onun gündəlik vizual mühiti təşkil edir. Şəhərin küçələri, memarlığı, Dənizkənarı Bulvar, parklar və dəniz müəllifin kadrlarında sənədli təsvir olmaqla yanaşı, işıq, forma və perspektiv vasitəsilə yeni vizual obrazlar qazanır. Bununla yanaşı, çiçək, yarpaq və cavan pöhrə kimi təbiətin kiçik detalları da müəllifin diqqətindən yayınmır; beləliklə, şəhər mənzərələri ilə təbiət fraqmentləri vahid fotoqrafik baxışda birləşir.
“Əksetmə” adı da layihənin əsas yanaşmasını ifadə edir. Burada ətraf mühitin sadəcə obyektivdə əks olunmasından deyil, müşahidə olunan reallığın müəllifin şəxsi təcrübəsi, yaddaşı və baxışından keçərək yenidən təqdim edilməsindən söhbət gedir. Bu mənada fotoşəkil görünənin qeydə alınmasından əlavə, onun fərdi interpretasiyasına çevrilir.
Sərgidə Azərbaycanın şimalındakı dağlıq ərazidə çəkilmiş foto da yer alır. Payız yarpaqlarının arasından boylanan kiçik yaşıl pöhrənin təsvir olunduğu bu kadr təsadüfi müşahidə nəticəsində yaranıb və müəllifin gözə çarpmayan detallara münasibətini əks etdirir.
Sərgidə Bakı və təbiətə aid müxtəlif görüntülər, işıq və qurulan kompozisiyalar, gündəlik həyatın ayrı-ayrı fraqmentləri bir araya gətirilir. Layihə tamaşaçıya tanış məkan və detallara fərqli rakursdan baxmaq, adi görünən görüntülərdə yeni məna və təsvirlər kəşf etmək imkanı yaradır.
Sərgi oktyabr 9-dək nümayiş olunacaq.
Fotoqraf – Orxan Kərimov



.jpg)