İqtisadiyyat · AZƏRTAC

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər xəbəri üçün şəkil

Berlin, 13 oktyabr,

Oktyabrın 16-da Brüsseldə Avropa Parlamenti ilə Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin parlament rəhbərlərini bir araya gətirəcək konfrans keçiriləcək. Görüşdə Avropa İttifaqı ilə Körfəz ölkələri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və parlamentlərarası əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzuları olacaq.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın sədrlik edəcəyi tədbirdə Körfəz ölkələrinin parlament rəhbərləri və KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budeyvi iştirak edəcəklər.

Konfransda beynəlxalq ticarət və enerji təhlükəsizliyindən tutmuş dəniz yollarının təhlükəsizliyinə qədər bir sıra mühüm məsələlər müzakirə olunacaq. Xüsusilə Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçiliyin sərbəst fəaliyyətinin qorunması, Rusiya-Ukrayna müharibəsinin təsirləri, eləcə də ticarət və nəqliyyat əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq. Görüşün yekununda birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.

Konfrans oktyabrın 24-də Səudiyyə Ərəbistanında keçiriləcək Avropa İttifaqı-Körfəz Əməkdaşlıq Şurası Sammiti ərəfəsində təşkil olunur.

1981-ci ildə yaradılan Körfəz Əməkdaşlıq Şurasına Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑