İdman · AZƏRTAC

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər xəbəri üçün şəkil

Bakı, 12 oktyabr,

Legioner dediyiniz idmançıların heç biri komandaya hazır şəkildə gəlməyib. Onlar bizə gələndə 14, 15, 16, 17 yaşlarında olublar. Bunlar bizim yetirmələrimizdir, onları bu səviyyəyə biz çatdırmışıq. Onlar nə Rusiyanın, nə Gürcüstanın, nə də başqa ölkənin yetirmələridir. Bunlar bizim yetirmələrimizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, legioner adlanan idmançılar sosial şəbəkələrdə belə fikirlərlə rastlaşanda bu, onlara pis təsir edir: “Onlar Azərbaycan bayrağı altında mübarizə aparırlar və bütün əziyyəti də bunun üçün çəkirlər. Əgər komandamızda Səid Mollayi kimi idmançı olsaydı və ona legioner desəydiniz, bunu başa düşərdim. Çünki o, bizə hazır idmançı kimi gəlmişdi. İdman baxımından yanaşsaq, Səid Mollayi və İrina Kindzerskaya kimi idmançıları legioner hesab etmək olar. Çünki onlar bizə artıq yetişmiş idmançılar kimi gəlmişdilər. Amma bizim öz sistemimizdə yetişən idmançıları legioner adlandırmaq düzgün deyil. Məsələn, qadınlardan ibarət komandamıza yeni cəlb etdiyimiz, böyük potensiala malik Anna Zaytseva da bizə hazır və yetişmiş idmançı kimi gəlməyib. O, hələ inkişaf etməlidir. Gələcəkdə böyük nailiyyətlər qazanarsa, bu, yenə də bizim cüdo sistemimizin, Azərbaycan cüdosunun uğuru olacaq”.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli də bu fikirlərlə razılaşdığını söyləyib. O vurğulayıb ki, Azərbaycan bayrağı altında çıxış edən hər bir idmançıya münasibətdə məsələyə hazırlıq prosesi baxımından yanaşmaq lazımdır: “Hazır idmançı gəlib medal qazanırsa, bu, elə təəssürat yarada bilər ki, sanki biz işləmirik, məşqçilərimiz çalışmırlar. Halbuki həmin idmançıların hazırlanması üçün çox böyük əziyyət çəkilib. Performans direktorumuz, məşqçilərimiz və digər mütəxəssislərimiz bu prosesdə iştirak ediblər. Doğrudan da, xüsusilə ağır çəkidə çox əziyyət çəkmişik.

Bu söhbətlərin artıq aradan qalxmasını istəyirəm. Mən bunu bir idmançı kimi də deyirəm. Legioner adlandırılan idmançılar bizimlə çox mehriban münasibətdədirlər, bizi özlərinə yaxın bilirlər. Onlar bizim qardaşlarımızdır. Düşünürəm ki, bu müzakirələrə son qoyulması yaxşı olardı”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑