AKP-nin sədr müavini Kürşad Zorlu Türkiyə ilə Azərbaycan arasında baş verən son proseslərlə bağlı danışıb.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, sədr müavini iki ölkə arasındakı prosesləri yaxından izlədiklərini bildirib.
Zorlu vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı fikir ayrılıqları hər iki ölkənin suveren hüquqlarına hörmət çərçivəsində həll olunmalıdır:
“Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı narahatlıqla izlədiyimiz bəzi hadisələr mövcuddur. Sosial şəbəkələrdə ortaya çıxan müəyyən paylaşımlar da tərəfimizdən diqqətlə izlənilir. Cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan sevgisi səmimi və ürəkdən gələn bir hissdir. Bu, həm də gələcəyə doğru qətiyyətlə irəliləyəcək bir baxışı özündə ehtiva edir. Dövlətlərimizin izlədiyi yollarda fərqliliklər ola bilər. Biz bir-birimizin suveren hüquqlarına və qəbul etdiyimiz qərarlara tam hörmət edirik və bu hörməti bundan sonra da davam etdirəcəyik. Üstəlik, biz məsələlərimizi öz "ailə dairəmiz" daxilində, bizə yaraşan tərzdə müzakirə etməyi yaxşı bilirik".


