ABŞ hərbi naziri Pit Heqsetin komandasının üzvləri keçmiş prezident Duayt Eyzenhauerin Pentaqonda saxlanılan köhnə qlobusunu sındırıblar.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Nəşr bildirib ki, hadisə bu ilin fevralın 3-də baş verib.
Məlumata görə, Pentaqon daxilində tarixi artefaktların yerinin dəyişdirilməsinə xüsusi təlim keçmiş kuratorlar nəzarət edirlər, lakin həmin vaxt şatdaun səbəbindən bu mütəxəssislər ödənişsiz məzuniyyətə göndəriliblər. Komandanın üzvləri is\ mütəxəssislərin gəlişini gözləmək istəməyiblər, çünki Heqset qlobusu öz ofisində yerləşdirməyə çox həvəsli olub.
Nəticədə qlobusun kövrək səthi deşilib və üzərində fırlandığı bərkidici hissədən qopub.
Pentaqonun mətbuat katibi Kristofer Surric jurnalistlərə açıqlamasında qlobusun həqiqətən də zədələndiyini təsdiqləyib. Nəşr yazıb ki, hadisə Pentaqon daxilində biabırçılıq sayıldığından uzun müddət bu barədə məlumat gizli saxlanılıb.
Qeyd edək ki, Duayt Eyzenhauer İkinci Dünya müharibəsində müttəfiq qoşunların Ali Baş Komandanı, 1953-1961-ci illərdə ABŞ prezidenti olub.



