Dünya · Axar.az

Paşinyan qəfil ölsə, nə olacaq? - 3 mümkün ssenari

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan qəfil ölsə, nə olacaq? - 3 mümkün ssenari xəbəri üçün şəkil

Nikol Paşinyanın hakimiyyətdən ya qəfil fiziki yoxluğu, ya da könüllü getməsindən sonra Ermənistanda siyasi sistemin gələcəyinə dair maraqlı versiyalar var.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən “ya vəlvələdən, ya zəlzələdən” getməsi avtomatik olaraq ölkədə siyasi sistemin dəyişməsi demək deyil.

"Aravot.am" saytında dərc olunan təhlilə görə, əsas məsələ təkcə rəhbərin dəyişməsi deyil, onun hakimiyyəti dövründə formalaşmış institutların gələcəkdə necə fəaliyyət göstərəcəyidir.

Müəllif Ermənistanın əvvəlki rəhbərləri ilə Paşinyan arasında müqayisə apararaq yazır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə təhvil verməyə meyilli görünmür. Erməni analitik Aram Abramyanın fikrincə, baş nazirin hakimiyyətdən getməsindən sonra üzləşə biləcəyi siyasi və hüquqi nəticələr də onun vəzifədən ayrılmaq istəməməsinin səbəblərindən biri ola bilər.

Abramyan avtoritar idarəçilik sistemlərinin liderin ölümündən sonra inkişaf edə biləcəyi üç əsas ssenarini nəzərdən keçirir.

Birinci ssenariyə görə, rəhbərin ölümü ilə hakimiyyətin əsas prinsipləri dəyişmir, mövcud sistem fəaliyyətini davam etdirir. Müəllif bu baxımdan İosif Stalinin ölümündən sonra Sovet İttifaqında siyasi sistemin qorunub saxlanmasını nümunə göstərir.

İkinci ehtimal hakim elita daxilində hakimiyyət uğrunda mübarizənin başlanmasıdır. Abramyan Maonun ölümündən sonra Çində baş verən prosesləri xatırladır. Onun fikrincə, belə mübarizə bəzi siyasət dəyişikliklərinə səbəb olsa da, bütövlükdə idarəçilik sisteminin dəyişməsinə zəmanət vermir.

Üçüncü ssenari isə rəhbərin ölümünün siyasi islahatlar üçün imkan yaratmasıdır. Müəllif İspaniyada Fransisk Frankonun ölümündən sonra başlanan demokratik keçidi bu variantın nümunəsi kimi təqdim edir. Abramyanın təhlilində diqqət çəkən məqamlardan biri hakimiyyət dəyişikliyindən sonra dövlət institutlarının vəziyyətidir. Müəllifin fikrincə, uzun müddət bir liderin ətrafında cəmləşən idarəçilik sistemi müstəqil siyasi qüvvələrin və alternativ rəhbərlərin formalaşmasına mane ola bilər.

Belə şəraitdə rəhbərin hakimiyyətdən getməsi dövlət institutlarının avtomatik şəkildə güclənməsi ilə nəticələnmir. Əksinə, yeni rəhbərlik hakimiyyət daxilində rəqabət, idarəetmə böhranı və institusional zəifliklə üzləşə bilər.

Müəllif hakimiyyətin şəxsiləşdirilməsinin siyasi sistemin gələcəyi üçün yaratdığı risklərə diqqət çəkir. Aram Abramyan Rusiyanın Paşinyana təzyiq göstərərək onun hakimiyyətdən getməsinə nail olacağı ehtimalına şübhə ilə yanaşır. Müəllif hesab edir ki, belə bir ssenari nəzəri baxımdan Qərbin mövqeyi ilə də əlaqəli ola bilər.

Onun fikrincə, Avropa və ABŞ müəyyən şəraitdə Ermənistanda siyasi azadlıqlar, repressiyalar, korrupsiya və hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma məsələlərinə daha sərt münasibət göstərə bilərlər. Lakin müəllif bunun üçün beynəlxalq siyasi şəraitin dəyişməli olduğunu vurğulayır.

Təhlilin əsas nəticəsi budur: Paşinyanın hakimiyyətdən getməsi Ermənistanın siyasi gələcəyi ilə bağlı bütün sualları həll etməyəcək. Əsas məsələ hakimiyyət dəyişikliyinin dövlət institutlarının möhkəmlənməsinə, siyasi rəqabətin genişlənməsinə və demokratik islahatların başlanmasına gətirib çıxarıb-çıxarmayacağıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑