Türkiyə Superliqasının 9-cu turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” (2:1) matçından sonra futbolçular arasında dava düşüb.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, qarşılaşmanın final fitindən sonra hər iki komandanın üzvləri arasında gərginlik yaranıb.
Əvvəlcə “Qalatasaray”ın futbolçusu Roland Şallai ilə “Fənərbağça”nın oyunçusu Kərəm Aktürkoğlu arasında mübahisə başlayıb. Davaya “Qalatasaray”ın məşqçilərindən biri də qarışıb. Daha sonra digər futbolçular da qarşıdurmaya qoşulublar.
Arçi Braunla Abdülkərim Bardakçı arasında da dava yaşanıb. Onlar bir-birini yerə yıxıblar. Digər futbolçular tərəfləri ayırmağa çalışıblar.
Nəticədə polis əməkdaşları meydana daxil olaraq davaya müdaxilə ediblər. Təxminən 3-4 dəqiqə davam edən qarşıdurma polisin müdaxiləsindən sonra başa çatıb.


