Dünya · Axar.az

Demokratlar 7 bənd irəlidədir, Tramp uduzacaq - Sorğu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Demokratlar 7 bənd irəlidədir, Tramp uduzacaq - Sorğu xəbəri üçün şəkil

ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Konqresə nəzarət uğrunda mübarizədə Demokratlar Partiyası Respublikaçılar Partiyasını 7% bəndi qabaqlayır. Bununla yanaşı, Prezident Donald Trampın fəaliyyətini bəyənməyənlərin göstəricisi rekord həddə - 60%-ə çatıb, amerikalıların əksəriyyəti isə ölkənin siyasi kursunun dəyişdirilməsini dəstəkləyir.

Axar.az xəbər verir ki, bu, “NBC Nyus" telekanalının oktyabrın 28-dən 30-dək keçirdiyi sorğunun nəticələrində əks olunub.

"Qeydiyyatdan keçmiş seçicilərin 52%-i Konqresdə çoxluğun demokratlara məxsus olmasını istəyir, 45%-i isə respublikaçıları dəstəkləyir. Müstəqil seçicilər arasında isə demokratlar respublikaçıları 21% bəndi qabaqlayırlar. İqtisadi vəziyyətdən narazılıq seçkilərin nəticələrinə təsir edən əsas amillərdən birinə çevrilə bilər. Sorğuda iştirak edənlərin təxminən dörddə üçü ölkədəki iqtisadi vəziyyətdən, 51%-i isə öz maddi durumundan narazı olduğunu bildirib",- məlumatda deyilib.

Kanalın son 30 ildə keçirdiyi sorğularda ilk dəfə olaraq şəxsi maddi vəziyyətindən narazı olanların payı razı qalanların payını üstələyib:

"Sorğuda iştirak edən hər 10 nəfərdən 7-si ölkənin yanlış istiqamətdə irəlilədiyini düşünür. Bununla yanaşı, respondentlərin 64%-i, o cümlədən Trampa səs vermiş seçicilərin təxminən üçdə biri onun gözləntiləri doğrultmadığını bildirib. Sorğuda iştirak edənlərin 40%-i prezidentin fəaliyyətini bəyənir.

Lakin demokratların üstünlüyü onların populyarlığının artması demək deyil. Sorğuda iştirak edənlərin 29%-i Demokratlar Partiyasına, 38%-i isə Respublikaçılar Partiyasına müsbət münasibət bəsləyir. Bundan əlavə, respublikaçılar Trampın 2024-cü il seçkilərində qalib gəldiyi dairə və ştatlarda mövqelərini qoruyub saxlayırlar. Sorğu həmçinin amerikalıların qarşıdan gələn seçkilərə böyük maraq göstərdiyini üzə çıxarıb. Belə ki, respondentlərin 70%-i seçkilərə marağını 10 ballıq şkala üzrə 9 və ya 10 balla qiymətləndirib. Seçkilərə ən çox maraq göstərən seçicilər arasında demokratlar respublikaçıları 12% bəndi qabaqlayırlar".

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Seçkilərdə Konqresin hər iki palatasındakı yerlər uğrunda mübarizə aparılacaq. Seçkilərin nəticələri Trampın prezidentlik müddətinin qalan hissəsində qanunverici hakimiyyətə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑