Albaniyada etiraz aksiyaları artıq beş gündür ki, fasiləsiz davam edir.
Axar.az xarici mediaya istinadla xəbər verir ki, nümayişçilər Edi Rama hökumətinin istefasını tələb edirlər.
Məlumata görə, universitet və məktəb şagirdlərinin də daxil olduğu etirazçılar polislərə daş atıb, zibil qutularını yandırıblar. Polis isə buna cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Albaniyada etirazlar yay aylarında, Trampın kürəkəni Cared Kuşnerə məxsus investisiya şirkətinin qorunan Sazan adasında istirahət mərkəzi tikmək planları ilə əlaqədar başlayıb. Ada flaminqolar da daxil olmaqla, köçəri quşların yuva qurduğu məkan olduğu üçün onu qorumaq məqsədi daşıyan hərəkat "Flaminqo İnqilabı" adlandırılıb.
Zaman keçdikcə etirazçılar diqqətlərini adanın qorunmasından yayındıraraq, tikinti layihəsini dəstəkləyən Baş nazir Edi Ramanın istefasına, növbədənkənar seçkilərin keçirilməsinə və yerli icmaların ziyanına iri investorlara üstünlük verən bir sıra qanunların ləğvinə yönəldiblər.
Xatırladaq ki, Fransada uzun müddətdir davam edən aksiyalarda iğtişaşlar baş verir.



