Bir sıra aşağı kalorili və kalorisiz dadlandırıcılardan daha çox istifadə idrak testlərinin nəticələrinin daha sürətlə pisləşməsinə səbəb olub.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, San-Paulu Universitetinin də iştirak etdiyi tədqiqat qrupu Braziliya sakinləri üzərində səkkiz il davam edən müşahidə zamanı belə bir əlaqə aşkarlayıb.
Təhlilə müşahidənin əvvəlində orta yaşı təxminən 52 olan 12 772 nəfər daxil edilib. İştirakçılar qidalanmaları ilə bağlı ətraflı sorğuları doldurub, yaddaş, nitq axıcılığı və informasiyanın emal sürətini qiymətləndirən testlərdən üç dəfə keçiblər.
Müəlliflər yeddi dadlandırıcının - aspartam, saxarin, asesulfam kalium, eritritol, ksilit, sorbit və taqatozanın həm ümumi, həm də ayrı-ayrılıqda istehlak səviyyəsini qiymətləndiriblər. Bu maddələr içkilərdə, desertlərdə və şəkərin miqdarı azaldılmış digər məhsullarda istifadə olunur.
60 yaşdan aşağı iştirakçılar arasında bu maddələrin ümumi istehlak səviyyəsinin daha yüksək olması nitq axıcılığının və ümumi idrak göstəricilərinin daha sürətlə azalması ilə əlaqəli olub. 60 yaşdan yuxarı insanlarda isə oxşar asılılıq aşkarlanmayıb.
Ayrı-ayrı təhlil zamanı taqatoza istisna olmaqla, sadalanan altı birləşmə ilə əlaqə müəyyən edilib. Bu əlaqə xüsusilə yaddaşa və sözləri tez tapmaq qabiliyyətinə təsir edib. Assosiasiyaların xarakteri diabetdən əziyyət çəkən və çəkməyən insanlarda da fərqlənib.
Tədqiqat müşahidə xarakteri daşıyıb: alimlər iştirakçılara dadlandırıcılar təyin etməyib və onların qidalanmasına eksperimental qaydada nəzarət etməyiblər. Buna görə də nəticələr şəkər əvəzedicilərinin dəyişikliklərə məhz özlərinin səbəb olduğunu sübut etmir. Qidalanmanın, sağlamlıq vəziyyətinin və həyat tərzinin digər xüsusiyyətləri də nəticələrə təsir göstərmiş ola bilər. Bundan əlavə, qidalanma ilə bağlı məlumatlar iştirakçıların öz yaddaşlarına əsaslanıb.






