Oktyabrın 23-də İranın Özbəkistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, buna səbəb İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin X sosial şəbəkəsində etdiyi paylaşımlar olub.
Diplomatik nümayəndəliklər ABŞ-ın dövlət katibi Marko Rubionun Səmərqənddəki Registan meydanının fonunda çəkilmiş kadrlarını yerləşdirərək, tarixi abidələrin memarlıq tağlarının "İran-İslam sivilizasiyası"nın xarakterik xüsusiyyəti olduğunu iddia ediblər.
Özbəkistan XİN bu bəyanatları Səmərqəndin tarixi-mədəni irsinin birtərəfli və siyasiləşdirilmiş təfsiri kimi qiymətləndirib.
Nazirlik vurğulayıb ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin irsi əsrlər boyu formalaşıb və özbək xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni inkişafını əks etdirir.
Özbəkistan İran tərəfindən mübahisəli paylaşımları silməyi və gələcəkdə bu cür hallara yol verməməyi tələb edib.

.jpg)


