Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
“SWISS” aviaşirkətinə məxsus Sürix–Şanxay reysini yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-da SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problemlə əlaqədar Bakı hava limanına məcburi eniş üçün müraciət edib.
“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Hava limanında səhhətində problem yaranan sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Reysin davam etdirilməsi ilə bağlı qərarı hava gəmisinin kapitanı verəcək.


