Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli 175,6 milyon manat təşkil edir
Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinə media tur təşkil olunub.
APA-nın xəbərinə görə, baş direktor Fərid Əliyev bildirib ki, müəssisə müasir avadanlıqlarla təchiz olunub.
Fərid Əliyevin sözlərinə görə, müəssisə tam fəaliyyətə başladıqdan sonra burada 178 nəfər daimi işlə təmin olunacaq: “Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər istiqamətlər üzrə dərman preparatları istehsal olunacaq. İstehsalda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlardan istifadə edilir. İstehsal prosesi yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin hazırlanmasına imkan verir”.
Baş direktor qeyd edib ki, müəssisənin əsas inkişaf hədəflərindən biri 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılmasıdır: “İstehsal olunan məhsulların daxili bazarla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı nəzərdə tutulur. Layihə çərçivəsində daxili tələbatın maksimum səviyyədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Ümid edirik ki, bu müəssisənin fəaliyyətə başlaması ölkənin iqtisadi sektoruna töhfə verəcək, ölkəmizdə və əhalimiz arasında keyfiyyətli və effektiv dərman vasitələrinin daha geniş tanınmasına və istifadəsinə imkan yaradacaq”.
Zavodun illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsuldur.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Taleh Quliyev deyib ki, Pirallahı Sənaye Parkının əsas məqsədi ölkədə əczaçılıq sənayesinin inkişafına dəstək vermək, dərman istehsalında idxaldan asılılığı azaltmaq və yerli istehsalı artırmaqdır.
O bildirib ki, yeni iş yerlərinin yaradılması da parkın əsas hədəflərindən biridir: “Parkın yaradılmasının əsas məqsədləri əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, dərman vasitələri üzrə idxaldan asılılığın azaldılması, yerli istehsalın təşviqi və yeni iş yerlərinin yaradılmasıdır. Hazırda Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib”.
Şöbə müdiri qeyd edib ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-yə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib: “Park üzrə ümumi investisiya portfeli 175,6 milyon manat təşkil edir. Bunun 111,3 milyon manatı artıq layihələrin icrasına yönəldilib”.
Onun sözlərinə görə, həyata keçirilən layihələr nəticəsində 215 nəfər üçün daimi iş yeri təmin olunub. Rezidentlər tərəfindən indiyədək ümumilikdə 82,2 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.
Taleh Quliyev qeyd edib ki, sənaye parklarında sahibkarlar üçün bir sıra güzəştlər tətbiq edilir: “İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunur. Bundan başqa, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilirlər".
Şöbə müdiri əlavə edib ki, istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir.
O da bildirilib ki, Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad edilib.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı 2016-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

