MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "iTicket.az" platformasının adından istifadə edilməklə yaradılan saxta sosial şəbəkə səhifələri və veb-resurslar vasitəsilə həyata keçirilə biləcək dələduzluq halları ilə bağlı vətəndaşları diqqətli olmağa çağırır.
"APA-Economics" bu barədə agentliyə istiadən xəbər verir.
"Belə səhifələr vasitəsilə istifadəçilərə saxta bilet satışları və müxtəlif kampaniyalar təklif edilə, onların bank kartı məlumatları və digər həssas məlumatları ələ keçirilməyə cəhd göstərilə bilər.
MKA vətəndaşlara biletləri yalnız "iTicket.az" platformasının rəsmi veb-saytı və təsdiqlənmiş satış kanalları vasitəsilə əldə etməyi, sosial şəbəkələrdə yayılan şübhəli bilet satış elanlarına və həddindən artıq sərfəli təkliflərə ehtiyatla yanaşmağı tövsiyə edir. Həmçinin ödəniş etməzdən əvvəl veb-saytın və sosial şəbəkə səhifəsinin həqiqiliyinin yoxlanılması, fərdi və maliyyə məlumatlarının şübhəli resurslarda paylaşılmaması, belə hallarla qarşılaşdıqda isə müvafiq platformaya məlumat verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.
