Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənar hərəkət edən gəmilərin təhlükəsizliyi risk altındadır.Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bəyan edib.
O bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin sahillərinə, adalarına və Hörmüz boğazına tam nəzarət edir, bölgədəki fəaliyyət isə ciddi şəkildə izlənilir.
Abdullahinin sözlərinə görə, ABŞ-nin Hörmüz boğazının açıq olması ilə bağlı bəyanatlarına baxmayaraq, strateji su yolu tamamilə bağlıdır və SEPAH-ın nəzarətindədir.
“Ordu Oman dənizinin açıq sularına və sahillərinə tam nəzarət edir, onları qoruyur. Düşmənin bölgədəki bütün hərəkətləri izlənilir və qaydaları pozan gəmilərin keçməsinə icazə verilmir. Müəyyən edilmiş marşrutdan və İranın göstərişlərindən kənar hərəkət edən gəmilərin təhlükəsizliyi risk altına düşəcək və onlar ciddi zərər görə bilərlər”, – o vurğulayıb.
Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü iddia edib. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmilərlə vurulduğunu bildirib.






