Fransanın Nitsa şəhərində icazəsiz etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına və ticarət obyektlərinə hücum edirlər.Bu barədə yerli qurumlar məlumat yayıb.
Məlumata görə, şəhərin mərkəzində qeydiyyata alınmamış aksiya keçirilir. Medsen prospektində və dəmiryol vağzalının ətrafında hərəkət edən qara geyimli, maskalı şəxslər polis əməkdaşlarına və mağazalara hücum edirlər.
BFMTV telekanalının məlumatına görə, əvvəlcə dinc xarakter daşıyan nümayiş sonradan polis və etirazçılar arasında toqquşmalarla müşayiət olunub.
Oktyabrın 17-də Fransada hökumətin iqtisadi siyasətinə və qiymət artımına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Aksiyalarda məktəblilər, ultrasolçu fəallar, “sarı jiletlilər” hərəkatının keçmiş üzvləri, tibb bacıları, taksi sürücüləri, həmkarlar ittifaqlarının nümayəndələri və inşaatçılar da iştirak edirlər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə təxminən 500 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.






