Norveçin “Vikinq” klubunun baş məşqçilərindən biri Byarte Lunde Orsheym UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sabah”a qarşı keçirəcəkləri oyun barədə danışıb.
Adalet.az Norveç mediaslna istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında Azərbaycan təmsilçisini güclü komanda adlandırıb:
“Bu, nəticə qazanacağımıza inandığımız və nəticə əldə etmək istədiyimiz oyundur. Amma unutmayaq ki, söhbət Çempionlar Liqasından gedir. “Sabah” çoxlarının adını eşitmədiyi komandadır, lakin şübhəsiz ki, yaxşı komandadır”.
Orsheym komandasının heyətindəki vəziyyətə də toxunub. O, “Vikinq”in ən məhsuldar futbolçusu Peter Kristiansenin “Sabah”la oyunda iştirakının sual altında olduğunu bildirib. Hücumçu çərşənbə axşamı keçirilən məşqi yarımçıq dayandırıb.
“Peter demək olar ki, bütün oyunlarda iştirak edib. Onun budun arxa əzələsində sərtlik var. Bu, zədə deyil. Amma əsas heyətdə meydana çıxacağına, yoxsa ehtiyatda qalacağına oyun ərəfəsində qərar verəcəyik”, – deyə baş məşqçi bildirib.
Mütəxəssis digər futbolçuların vəziyyətinin kifayət qədər yaxşı olduğunu vurğulayıb.
Orsheym “Bodo-Qlimt”lə Norveç çempionatı matçından (məşqçilər arasında mübahisə yaşanıb) sonra yaranan gərginliyin komandaya təsir etmədiyini də söyləyib:
“Artıq oyunların sıx qrafiklə keçirilməsinə öyrəşmişik. Əsas diqqətimiz futbolçuların fiziki və psixoloji cəhətdən hazır olmasına yönəlib. İlk dəfə Çempionlar Liqasında iştirak etdiyimiz üçün motivasiya tapmaq çox asandır. Bu, bizim üçün çox böyük hadisədir. Enerji öz-özünə gəlir”.
Qeyd edək ki, “Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.



