İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün 2-ci mina partlayışı hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, bir müddət öncə Orxan Əşrəf oğlu Qəhrəmanovun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Əşrəf Qəhrəmanov xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.




