“Dönər istehlak edərkən diqqət edəcəyimiz əsas məqamları, gizli riskləri, düzgün seçim qaydalarını bilmək vacibdir. Dönər düzgün xammaldan, gigiyenik şəraitdə hazırlandıqda tərkibində yüksək keyfiyyətli zülal, dəmir, sink və B qrupu vitaminləri saxlayan doyurucu bir qidadır. Amma onun qida dəyəri və kalori sıxlığı istifadə olunan ətin növündən, əlavə edilən souslardan və çörəyin növündən birbaşa asılıdır”.
Bunu 525.az-a qida üzrə ekspert Asim Vəliyev deyib. Ekspertin dediyinə görə, dönər əsasən mal, toyuq, ya da quzu ətindən hazırlanır. Quzu və mal ətindən hazırlanan dönərlərdə doymuş yağ nisbəti daha yüksəkdir. Ətin şişə taxılması mərhələsində qat-qat quyruq yağı, ya iç yağların əlavə olunması məhsulun dadını artırsa da energetik dəyərini və doymuş yağ turşularının miqdarını artırır:
«Düzgün olmayan temperatur aralığı bakteriyaların ən sürətlə çoxaldığı zona hesab olunur. Çiy ət şişə taxıldıqdan sonra istilik aparatının qarşısına qoyulur. Əgər aparatın istiliyi kifayət qədər yüksək deyilsə, ya ət çox qalın vurulubsa, ətin iç qatları uzun müddət bu təhlükəli zonada qalır. Patogen mikroorqanizmlər həndəsi silsilə ilə çoxalmağa başlayır. Dönər əti istiliyə çox yaxın olduqda, açıq alovla birbaşa təmasda olduqda ətin səthində qaralmalar və yanmalar əmələ gəlir. Beləcə kanserogen maddə əmələ gəlmə riski yaranır. Bu səbəbdən yanmış ət hissəciklərinin kəsilib təmizlənməsi çox vacibdir”.
Sevinc Qarayeva


