Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf və ləyaqətini alçaltmağa, onların şəxsi və ailə həyatına müdaxilə etməyə əsas vermir.
“Yeni Sabah” xəbər verir ki, Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılan məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.
İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək bildirib ki, sonuncu “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videolarda onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb. Dominos pizza
İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 min manat mənəvi ziyanın tutulmasını tələb edib.
Məhkəmə təqdim olunan sübutları və videomaterialları araşdıraraq cavabdehin ifadələrinin iddiaçının və ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıdığını və onların şərəf və ləyaqətini alçaltdığını müəyyən edib.
Məhkəmə qeyd edib ki, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirəyə çıxarıla bilməz. Hətta məlumatların həqiqətə uyğun olması belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsini hüquqa uyğun etmir.
Qərarda vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.
Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmaması nəzərə alınmalıdır. Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir.
Həmçinin bildirilib ki, sosial şəbəkələrdə mübahisəli ifadələrin dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərə bilər.
Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf, ləyaqət və şəxsi həyatına hörmət edilməsi öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır.
Qərarda kiber etika məsələsinə də toxunulub. Bildirilib ki, kibernetikanın verdiyi imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.
Bundan başqa, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinə də eyni müdaxilələrin edilməsinə əsas vermir.
Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, məlumatların yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb.
Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib.
Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.
Cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.
Aytac Əliyeva



