ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanlardan birinin adını dəyişdirərək ona “Tramp okeanı” adını vermək ideyasını gündəmə gətirib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə oktyabrın 10-da Tennessi ştatının Klarksvill şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ lideri ölkənin yeni adlandırılmış su hövzələrinə ehtiyacı olduğunu deyərək Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsini təklif edib. pizza sifarişi
“Bizə bir çay lazımdır, bir okean da lazımdır. Düşünürdüm ki, Atlantik və ya Sakit okeanı dəyişdirək. Ona “Tramp okeanı” və ya “Amerika okeanı” deyək. Buna bənzər bir şey”, – deyə o bildirib.
Tramp bu ideyanı prezidentlik müddəti başa çatana qədər həyata keçirmək istədiyini də vurğulayıb. Bununla belə, çıxış zamanı okeanlardan hansının adının dəyişdiriləcəyinə dair konkret qərar açıqlanmayıb.
ABŞ prezidenti ölkənin böyük çaylarından birinin adının dəyişdirilməsi məsələsinə də toxunub. Lakin o, Missisipi çayının adını dəyişdirmək niyyətində olmadığını bildirib. Tramp həmçinin Hudson çayının adının saxlanılmasını istədiyini qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirmək təşəbbüsü ilə çıxış edib. O, həmçinin Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı addımlar atıb. Bu təşəbbüslər ABŞ-da coğrafi obyektlərin adlandırılması siyasətini yenidən müzakirə mövzusuna çevirib.
ABŞ prezidentinin okeanlarla bağlı son açıqlaması da onun coğrafi adların dəyişdirilməsi istiqamətindəki təşəbbüslərinin davamı kimi qiymətləndirilir. Hələlik Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi ilə bağlı rəsmi qərar yoxdur.





