Dünya · Yeni Çağ

Netanyahunun seçki zəfəri: Proqnozlar niyə doğrultmadı? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun seçki zəfəri: Proqnozlar niyə doğrultmadı? - Yeni Çağ xəbəri üçün şəkil

“Netanyahunun partiyası seçkilərdə gözləniləndən də böyük uğur qazandı”

Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiyanın sözçüsü, politoloq Cavanşir Abbaslı bildirib.

media-0886b9cc-fa53-44e2-9fd3-382c7309ef52

Politoloq İsraildə keçirilən seçkilərin hazırkı saata olan ilkin nəticələrini şərh edib:

“İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, Baş nazir Benyamin Netanyahu gözləniləndən daha yaxşı nəticə əldə edib. Knessetdəki 120 mandatdan hökumət formalaşdırmaq üçün ən azı 61-ni qazanmaq tələb olunur. Lakin mövcud nəticələrə əsasən, heç bir siyasi blokun bu həddə təkbaşına çatması real görünmür. Bu isə yeni hökumətin taleyinin koalisiya danışıqlarından və siyasi qüvvələrin hansı ittifaqları quracağından asılı olacağını göstərir.
Hazırkı mənzərədə Netanyahuya yaxın qüvvələr üstün mövqedədir. Ancaq bu üstünlük hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət etmir. Belə vəziyyətdə ərəb partiyalarının əldə etdiyi mandatlar və onların hansı mövqedən çıxış edəcəyi xüsusi əhəmiyyət daşıyır. Bu partiyaların hər hansı siyasi düşərgəyə dəstək verməsi parlamentdə qüvvələr nisbətinə birbaşa təsir göstərəcək. Bununla belə, onların mütləq Netanyahu ilə ittifaq yaradacağını indidən söylemək düzgün olmaz. Hökumətin formalaşdırılması üçün hansı tərəfin daha geniş siyasi dəstək toplayacağı son nəticələrdən və danışıqlardan asılı olacaq.”

Politoloq qeyd edib ki, Netanyahuya rəqib olan müxalif partiyalar da seçkidən müəyyən uğurla çıxmağı başara biliblər:

“Digər tərəfdən, Netanyahuya karşı olan siyasi qüvvələr də kifayət qədər mandat əldə ediblər. Səslərin hesablanması tam başa çatmadığı üçün yekun nəticələrdə müəyyən dəyişikliklər mümkündür. Mənim qənaətimə görə, seçkilərdən sonra heç bir tərəfin parlamentdə mütləq üstünlük qazanmadığı mürəkkəb siyasi mənzərənin yaranması ehtimalı yüksəkdir. Bu halda əsas mübarizə hökuməti formalaşdırmaq üçün lazımi dəstəyi toplamaq ətrafında gedəcək.

Bununla yanaşı, Netanyahu üçün seçkilərdə əldə olunan nəticəni siyasi uğur hesab etmək olar. Uzun illər İsrailə rəhbərlik etmiş baş nazir seçkilər ərəfəsində məğlubiyyət ehtimalları ilə üzləşirdi. Rəy sorğularında onun siyasi düşərgəsinin daha zəif nəticə gösterəcəyi ilə bağlı proqnozlar səsləndirilirdi. Lakin ilkin nəticələr bu gözləntilərin tam doğrultmadığını göstərir. Netanyahu tərəfinin proqnozlaşdırılandan daha çox mandat qazanması onun siyasi mövqeyini qoruması baxımından əhəmiyyətlidir. Uzun müddət hakimiyyətdə qalmaq və ciddi siyasi rəqabət şəraitində yenidən güclü nəticə göstərmək onun siyasi təcrübəsinin və seçici bazasının hələ də əhəmiyyətli olduğunu nümayiş etdirir.”

C. Abbaslı sonda İsraildə yeni hakimiyyət uğrunda blokların rolunun həlledici olacağını vurğulayıb:

“Netanyahu seçkilərdə ciddi rəqiblərlə qarşılaşsa da, indiki mənzərə onun siyasi mübarizədən zəif çıxmadığını göstərir. Bununla belə, seçkilərin əsas nəticəsi yalnız mandatların sayı ilə müəyyənləşməyəcək. Həlledici məsələ hansı siyasi qüvvələrin bir araya gələcəyi və yeni hökuməti kimin formalaşdıracağıdır. Yekun nəticələr və koalisiya danışıqları İsraildə hakimiyyətin gələcək taleyinə aydınlıq gətirəcək”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑