“İsrail yenidən seçkilərə gedə bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.

B. Həsənbəyli İsraildə keçirilən seçkilərin nəticələrini təhlil edib:
“İsraildə 27 oktyabr 2026-cı ildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə və ‘exit-poll’ rəqəmlərinə əsasən, ölkədə dərin siyasi böhran vəziyyəti yaranıb. Heç bir siyasi blok hökumət qurmaq üçün lazım olan 61 mandatlıq mütləq çoxluğu qazana bilməyib. Hazırda səslərin sayılması davam edir.
Mövcud mənzərəyə əsasən, hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ təmayüllü ‘Likud’ partiyası təxminən 27 mandatla seçkilərdə fərdi olaraq ən çox yer qazanan birinci partiya olub. ‘Likud’, ultra-ortodoks və ifrat sağçı müttəfiqləri ilə birlikdə ümumilikdə 54-56 mandat ətrafında qərarlaşıb. Bu isə hökuməti təkbaşına qurmaq üçün yetərli deyil.
Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi “Yaşar” partiyası təxminən 21-22 mandatla müxalifətin əsas qüvvəsinə çevrilib. Naftali Bennett və Yair Lapidin ‘Birlikdə’ alyansı ilə birgə Netanyahuya müxalif olan sionist partiyaların bloku ümumilikdə 48-52 mandat arasında yer alır. İsrail vətəndaşı olan ərəbləri təmsil edən partiyalar isə bu seçkilərdə rekord fəallıq sayəsində ciddi uğur qazanaraq parlamentdə 16-18 mandat əldə ediblər.
Rəsmi nəticələr noyabrın 4-də elan edildikdən sonra Prezident İshak Hersoq hökuməti qurmaq mandatını ən çox şansı olan namizədə verəcək. Həm Netanyahu, həm də Ayzenkot digər partiyaları öz tərəflərinə çəkməyə çalışacaqlar. Müxalifət lideri Ayzenkotun hökumət qura bilməsi üçün anti-Netanyahu mövqeyində olan ərəb partiyalarının xaricdən dəstəyinə ehtiyacı var. Lakin müxalifətdəki bəzi sağçı fiqurlar bu əməkdaşlığa qarşı çıxırlar.”
Politoloq qeyd edib ki, əgər koalisiya yaradılmazsa, İsrail yenidən seçkiyə gedəcək:
“Əgər bir neçə həftə çəkəcək danışıqlar uğursuz olarsa və heç bir tərəf 61 mandatlıq koalisiya qura bilməsə, İsrail yenidən erkən parlament seçkilərinə gedə bilər. Yeni hökumət qurulana qədər isə Benyamin Netanyahu müvəqqəti baş nazir olaraq vəzifəsində qalacaq.
İsrailin Baş naziri Benyamin Netanyahunun yenidən həmin vəzifəyə seçilməməsi halında, onun rəhbərlik etdiyi siyasi xəttin və şəxsi fəaliyyətinin necə davam edəcəyi barədə fərqli yanaşmalar mövcuddur. Netanyahunun yeni hökumət qurmaq imkanı olmadığı təqdirdə proseslər müxtəlif istiqamətlərdə inkişaf edə bilər. Netanyahu hakimiyyətdən getsə belə, onun formalaşdırdığı sağ, millətçi və mühafizəkar siyasi xətt İsrail siyasətində güclü qalmaqda davam edəcək. Partiya daxilindəki digər liderlər onun milli təhlükəsizlik, Fələstin dövlətinin yaradılmasına qarşı çıxmaq və İran əleyhinə sərt mövqe tutmaq kimi əsas prinsiplərini qoruyub saxlamağa çalışacaqlar.
Netanyahunun gedişi onun rəhbərlik etdiyi ‘Likud’ partiyasında ciddi liderlik boşluğu yaradacaq. Partiyadaxili müxalifət və ya onun sadiq tərəfdarları idarəçiliyi ələ almaq üçün mübarizə aparacaqlar ki, bu da sağ blokun müvəqqəti zəifləməsinə və ya yenidən qruplaşmasına səbəb ola bilər. Əgər Netanyahu deputat mandatını saxlayarsa, parlamentdə yeni hökumətə qarşı olduqca aqressiv və təsirli müxalifət formalaşdıra bilər. Keçmiş təcrübələr göstərir ki, o, müxalifətdə olduğu zaman da hökuməti devirmək üçün bütün siyasi rıçaqlardan maksimum istifadə edir.
Digər bir ehtimal isə onun aktiv siyasətdən geri çekilərək diqqətini tamamilə barəsində davam edən korrupsiya və rüşvət məhkəmələrinə yönəltməsidir. Onun məhkəmə ilə razılığa gələrək siyasətdən gitmək müqabilində cəzadan yayınmağa çalışacağını da istisna etmirəm.
Netanyahunun seçki məğlubiyyəti hökumətinin başlatdığı və ölkədə böyük iğtişaşlara səbəb olan məhkəmə sistemindəki dəyişikliklərin tamamilə dayandırılması və ya ləğv edilməsi ilə nəticələnə bilər. Yeni formalaşacaq hökumətin tərkibindən asılı olaraq, İsrailin Qəzza, Livan və regional müttəfiqlərlə münasibətlərində daha balanslı və ABŞ-nin tövsiyələrinə uyğun bir xətt izlənilə bilər. Lakin təhlükəsizlik strategiyalarında kəskin dönüş gözlənilmir.”
Nurlan Cəfəri





