“Seçkilər ərəfəsində Tramp müharibənin nəzarətdən çıxma ehtimalını mütləq nəzərə almalıdır”.
Bu sözləri ABŞ – İran münaqişəsinin yaxın gələcəkdə mümkün həlli haqqında danışan politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında bildirib.
Z. Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyat ssenarilərinin təqdim olunması Vaşinqtonun Tehranla münasibətlərdə hərbi təzyiq imkanlarını daha ciddi şəkildə nəzərdən keçirdiyini göstərir:
“Xüsusilə CENTCOM komandanının prezidentə şəxsən məruzə etməsi məsələnin artıq yalnız diplomatik və siyasi müzakirələr səviyyəsində deyil, əməliyyat planlaşdırılması müstəvisində də qiymətləndirildiyini düşünməyə əsas verir. Bununla belə, hərbi variantların təqdim olunması hücum barədə yekun qərarın verildiyi anlamına gəlmir. Tramp administrasiyası bu yolla İran rəhbərliyinə qarşı çəkindirmə siyasətini gücləndirməyə, Tehranın regional fəaliyyət imkanlarını məhdudlaşdırmağa və mümkün danışıqlarda ABŞ-nin mövqeyini möhkəmləndirməyə çalışa bilər. Digər tərəfdən, İranın sanksiyalar, iqtisadi çətinliklər və daxili sosial narazılıqlarla üzləşdiyi bir dövrdə hərbi qarşıdurma ehtimalının artması ölkə daxilində mövcud problemləri daha da dərinləşdirə bilər”.
Politoloq hesab edir ki, müharibənin başlaması bütün Yaxın Şərqi əhatə edə bilər:
“ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması təkcə iki dövlət arasında qarşıdurma ilə məhdudlaşmayacaq, bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına təsir göstərəcək. İranın regiondakı silahlı tərəfdaşları vasitəsilə cavab tədbirlərinə əl atması, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin zəifləməsi və dünya enerji bazarlarında qiymət artımı ehtimalı əsas risklər sırasındadır. Demokrat senator Kris Merfinin sərt etirazı isə mümkün hərbi müdaxilənin ABŞ daxilində də ciddi siyasi və hüquqi mübahisələrə səbəb olduğunu göstərir. Burada əsas məsələlərdən biri Trampın konqresin razılığı olmadan hansı miqyasda hərbi əməliyyat həyata keçirə biləcəyidir. Hesab edirəm ki, Vaşinqton hazırkı mərhələdə hərbi güc nümayişini siyasi təzyiq vasitəsi kimi istifadə etsə də, qarşıdurmanın nəzarətdən çıxması ehtimalını da nəzərə almağa məcburdur. Çünki İrana qarşı hərbi əməliyyatın başlanması nisbətən asan qərar kimi görünsə də, onun regional nəticələrini idarə etmək ABŞ üçün daha mürəkkəb strateji problemə çevrilə bilər”.
Nurlan Cəfəri


