Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib.
Yenicag.az xəbər verir ki, o, sosial şəbəkə hesabında İlham Əliyevin onun üçün yalnız dövlət başçısı olmadığını vurğulayıb:
“İlham Əliyev doğulduğum torpaqları 30 illik işğaldan azad edən, millətimin sarsılmış özünəinamını yenidən bərpa edən, Qarabağ Zəfərini tarixə həkk edən Müzəffər Ali Baş Komandandır”.
Aygün Attar bildirib ki, Prezidentin dövlətçilik fəaliyyətini yalnız hərbi qələbə ilə qiymətləndirmək yetərli deyil. Onun sözlərinə görə, Qarabağda qazanılan zəfərin regional güc balansını dəyişdirən diplomatik və geosiyasi reallığa çevrilməsi İlham Əliyevin strateji liderliyinin mühüm göstəricilərindəndir. Türkiyə–Azərbaycan müttəfiqliyinə verdiyi önəm də bu baxışın ayrılmaz hissəsidir.
Paylaşımında doğulduğu torpaqlara bağlılığından və Türk dünyasının gələcəyinə inamından bəhs edən Attar fikirlərini belə tamamlayıb:
“Bəzi bağlılıqlar vəzifə, maraq və ya siyasi şəraitlə izah edilə bilməz. Bu, kökləri tarixdə, qarşılığı vicdanda, istiqaməti gələcəkdə olan bir vəfadır”.





