Siyasət · Yeni Çağ

Ermənistan seçim qarşısında: Ya konstitusiyada dəyişiklik, ya da tənəzzül - RƏY - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan seçim qarşısında: Ya konstitusiyada dəyişiklik, ya da tənəzzül - RƏY - Yeni Çağ xəbəri üçün şəkil

“Hazırkı dövrdə Ermənistan rəhbərliyi sülh istəyir, amma müxalifət şiddətlə buna qarşı çıxmağda israrlıdır”.

Bu sözləri Yenicag-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.media-elsad_mirbesiroglu-1

E. Mirbəşiroğlu Ermənistan rəhbərliyinin sülh müqaviləsi imzalamasını və bunun üçün referendum keçirməyin vacibliyini diqqətə almamasını şərh edib:

“Konstitusiya islahatlarının aparılması məsələsi Ermənistanda yenidən siyasi qarşıdurma vəziyyətini yaratmaqdadır. Azərbaycan dövləti çox haqlı olaraq Ermənistanla sülh sənədinin imzalanmasının əsas şərti kimi konstitusiya dəyişikliyini qoyub. Ermənistanda konstitusiya islahatları həyata keçirilməsə və oradan Azərbaycana olan ərazi iddiaları götürülməsə, imzalanacaq sülh müqaviləsinin heç bir hüquqi qüvvəsi olmayacaq. Bildiyimiz kimi, hazırkı Ermənistan konstitusiyasının preambulasında 1990-cı il müstəqillik bəyannaməsinə istinad var. Bu bəyannamə, öz növbəsində, Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı 1989-cu il qərarına istinad edir. Yəni bu deməkdir ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı açıq mətnlə ərazi iddiası mövcuddur. Bəli, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər rəsmiləri Azərbaycana qarşı ərazi iddialarının olmadığını səsləndirirlər. Lakin şifahi bəyanatlar hüquqi zəmanəti əvəz edə bilməz. Azərbaycan sülhün əsas şərti kimi, Ermənistanda konstitusiya dəyişikliyinin edilməsi qoymaqla bir daha nümayiş etdirir ki, bütövlükdə yerləşdiyimiz regionun təhlükəsiz gələcəyinin qayğısına qalır. Yəni biz regionumuzda əsaslı sülhün və etibarlı təhlükəsizlik mühitinin olması uğrunda mübarizə aparırıq. Gələcəkdə istənilən potensial qarşıdurma vəziyyətinin qarşısını almaq istəyirik. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması o deməkdir ki, o, gələcəkdə revanş etmək üçün bir istinad nöqtəsi saxlamağa çalışır. Çünki Ermənistan konstitusiyasında aydın ifadə olunur ki, Ermənistanın imzaladığı heç bir beynəlxalq sənəd konstitusiya üzərində üstünlük təşkil etmir. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında Ermənistan konstitusiyasında dəyişiklik edilmədən imzalanacaq sülh sənədinin ciddi hüquqi təsiri olmayacaq. Azərbaycan tərəfi də bunu çox yaxşı bildiyi üçün Ermənistan konstitusiyasında dəyişikliyi tələb edir. Paşinyanın da Azərbaycan qarşısında siyasi manevr etmək imkanları yoxdur və bu baxımdan, konstitusiya dəyişikliyinə getməyin vacibliyindən çıxış edir.”

Politoloq Azərbaycanın mövqeyinin dəyişmədiyini, Ermənistanın müxalifətin israrlarına rəğmən, doğru addım atmalı olduğunu diqqətə çatdırıb:

“Ermənistanda parlament müxalifəti konstitusiya dəyişikliyini Azərbaycana güzəşt kimi təqdim edərək Paşinyana qarşı siyasi mübarizədə istifadə etməyə çalışır. Yəni konstitusiya dəyişikliyi məsələsi Ermənistanda ciddi siyasi gərginlik yarada bilər ki, bunun əlamətləri artıq görünməkdədir. Belə ki, N. Paşinyan oktyabrın 22-də bəyan etdi ki, əgər konstitusiya dəyişiklikləri parlamentdən keçməsə, erkən parlament seçkilərinin keçirilməsi mümkündür”.

Sonda E. Mirbəşiroğlu Ermənistanın seçim qarşısında olduğunu və doğru seçim etmənin Paşinyanın əlində olduğunu qeyd edib:

“Beləliklə, göründüyü kimi, qarşıda Ermənistanda yenidən ciddi siyasi mübarizənin şahidi olacağıq. Təbii ki, ehtimal olunur ki, N. Paşinyan müxalifətlə təkcə parlament daxilində deyil, həm də tərəfdarlarından dəstək almaqla mübarizə aparmağa çalışacaq. Belə təcrübə artıq 2018-ci ilin oktyabrında özünü doğruldub. Yəni parlament müxalifəti konstitusiya təşəbbüsünü bloklayarsa, N. Paşinyan öz tərəfdarlarını küçələrə çıxara bilər. Bu zaman o, konstitusiya islahatının əleyhdarlarını sadəcə hökumətin siyasi əleyhdarları kimi deyil, həm də Azərbaycanla dayanıqlı sülhün əldə olunmasına mane olan qüvvələr kimi təqdim edəcək. Bununla Paşinyan həm də özünün siyasi nüfuzunu yüksəltməyə çalışacaq. Yəni hökumət sülh istəyir, Ermənistan stabil inkişaf yoluna qədəm qoymaq istəyir, müxalifət isə buna qarşı çıxır. Beləliklə, sülh əldə olunmasa, məsuliyyət müxalifətin üzərində olmalıdır. Nəzərə almaq lazımdır ki, Paşinyanın özü də kifayət qədər ziddiyyətli adamdır. Qarşıdakı günlərdə onun sülh məsələsində nə dərəcədə səmimi olub-olmadığını görəcəyik. Onun proseslərə real təsir etmək imkanları mövcuddur. Əgər bu imkanlardan maksimum istifadə edərək konstitusiya dəyişikliyini məsələsini referenduma çıxarmağa nail olarsa, deməli, Azərbaycanla sülh imzalamağın vacibliyini dərk edir və bunu istəyir”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑