Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində 100-dən çox insan, o cümlədən 15 uşaq həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, Cibutidən Yəmənə doğru hərəkət edən gəmi oktyabrın 9-na keçən gecə batıb.
Hadisə nəticəsində 109 nəfər – 52 kişi, 42 qadın və 15 uşaq həlak olub. 80-dən çox insan xilas edilsə də, 116 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Fars körfəzi ölkələrinə çatmaq ümidi ilə hər il on minlərlə miqrant Cibutidən keçərək Yəmənə yollanır. 2025-ci ildə təkcə bu təhlükəli marşrut üzrə 900-dən çox miqrant həlak olub və ya itkin düşüb.




