Bakı.Trend:
Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa hazırdır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarını şərh edərkən bildirib.
Zelenskinin sözlərinə görə, bu məsələ Tramp və onun komandası ilə dəfələrlə müzakirə olunub.
“Kiyev Ukraynanın enerji sisteminin müdafiəsi üçün Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü variantını da nəzərdən keçirməyə hazırdır. Əgər bizim bir ay ərzində onların neft emalı zavodlarına hücum etməməyimizi istəyirsinizsə, bizə bir aylıq “Patriot” verin”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna bu tədarük üçün vəsait tapmağa və ödəniş etməyə hazırdır.



