Bakı.Trend:
Yaxın Şərqdə neft hasilatı 2030-cu ilədək gündəlik 30 milyon barelə çatacaq.
Bu barədə beynəlxalq ekspert təşkilatı DNV-nin “2026-cı il üçün Enerji Keçidi Proqnozu” hesabatında bildirilib.
Hesabata görə, 2026-cı ildə Hörmüz boğazında yaranan böhran son onilliklərdə neft tədarükündə ən böyük pozuntulardan birinə səbəb olub. Bununla belə, böhranın uzunmüddətli nəticələri, ilk növbədə, tələbin dinamikasının dəyişməsi ilə bağlı olacaq.
Tədqiqatın hazırlandığı vaxt Hörmüz boğazından gəmiçilik ciddi şəkildə pozulmuş vəziyyətdə qalıb. 2026-cı ildə qlobal neft hasilatının 5 faizdən çox, yaxud gündəlik təxminən 4,5 milyon barel azalacağı gözlənilir.
DNV-nin qiymətləndirməsinə görə, xam neftə tələbat daha az — təxminən 2 faiz, yaxud gündəlik 2 milyon barel azalıb. İstehlaka yüksək qiymətlər, yanacaq çatışmazlığı və Çin iqtisadiyyatının yavaşlaması təsir göstərib. Təklifdə yaranan kəsir strateji və kommersiya ehtiyatları hesabına qarşılanıb.
Hesabatda qeyd olunur ki, 2027-ci ilədək bazarda yenidən tarazlıq yaranacaq, hasilat və tələbat bərpa olunacaq.
Bununla yanaşı, DNV böhranın uzunmüddətli təsirinin tələbin dəyişən dinamikası ilə bağlı olacağını vurğulayır. Bazara artıq təsir göstərən amillər sırasında pandemiyadan sonrakı turizm səfərlərinin bərpası prosesinin başa çatması, sənaye fəallığının zəifləməsi və elektrik avtomobillərinin yayılmasının sürətlənməsi göstərilir.
DNV-nin proqnozuna əsasən, qlobal neft tələbatının ən böyük hissəsini təşkil edən nəqliyyat sektorunda istehlak 2030-cu ildən bir qədər əvvəl pik həddə — təxminən 117 eksacoul (EC) səviyyəsinə çatacaq. Bu, ümumi tələbatın 70 faizini təşkil edəcək.
Hesabata görə, nəqliyyat sektorunda neft istehlakı 2040-cı ilədək 104 EC-yə, 2060-cı ilədək isə 50 EC-yə enəcək. Ümumi istehlak əhəmiyyətli dərəcədə azalsa da, sektorun ümumi tələbatdakı payı 60 faiz təşkil edəcək.
Neft-kimya istehsalı da daxil olmaqla, qeyri-enerji məqsədləri üçün neftə tələbat 2026-cı ildə nəqliyyat sektorundakından daha kəskin azalıb. Bu, həmin tələbatın gələcəkdə bərpasına uzunmüddətli təsir göstərəcək.
Münaqişə başa çatdıqdan sonra müəyyən müddət ərzində neft hasilatı istehlakı üstələyəcək. Bu, ölkələrin 2026-cı ilin martından etibarən istifadə etdikləri strateji ehtiyatları yenidən doldurmaq zərurəti ilə əlaqədardır. Həmin vaxt Beynəlxalq Enerji Agentliyi (BEA) tarixində ən böyük neft ehtiyatlarının bazara çıxarılması prosesini əlaqələndirib.
DNV-nin hesabatında bildirilir ki, Yaxın Şərqdə neft hasilatı 2030-cu ilədək gündəlik 30 milyon barelə çatacaq. Regionun dünya neft hasilatındakı payının həmin dövrədək təxminən 36 faizə, 2060-cı ilədək isə 40 faizə yüksələcəyi gözlənilir.
Tədqiqatda qeyd olunur ki, regionların dünya neft hasilatındakı payının dəyişməsi, ilk növbədə, neft hasilatı infrastrukturuna fiziki ziyan dəyməsi ilə deyil, qlobal tələbatın ümumi azalması ilə bağlıdır.
DNV-nin proqnozuna görə, dünya bazarının strukturundakı dəyişikliklərdən ən çox faydalanacaq region Şimali Amerika olacaq. Belə ki, 2060-cı ildə burada neft hasilatının gündəlik 9 milyon barel təşkil edəcəyi gözlənilir. Halbuki bir il əvvəlki proqnozda bu göstərici gündəlik 7,5 milyon barel səviyyəsində qiymətləndirilirdi.




