… «Azər-Frans» və «Tovuz-Baltiya» MMC-nin 14 miylonluq strateji zavodlarının 447 min manata qiymətləndirilərək «Yelobank» tərəfindən ələ keçirilməsinə səy göstərən Tovuz rayon Məhkəməsinə təzyiq və təsir edən deputat Sevinc Fətəliyeva barədə yazmışdıq (Link təqdim edilir: https://tezadlar.az/deputat-sevinc-feteliyeva-mehkeme-huquq-sistemine-isine-nece-mudaxile-edir/).
«Təzadlar»ın Araşdırma Qrupu bu və ya digər faktları bir daha dəqiqləşdirmək üçün həm bankın rəhbərliyi ilə görüşməyə çalışmış, həm də bu ağlagəlməz sövdələşməyə könül vermiş Tovuz rayon Məhkəməsi ilə bağlı, necə deyərlər, elə Tovuzda bəzi detalları aydınlaşdırmışdır. Əməkdaşlarımıza bəlli olmuşdur ki, Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev və Tovuz rayon Məhkəməsinin hakimi Zaur Hünmətov bu ağlagəlməz, inanılmaz «işdə» nə qədər maraqlı tərəfdirsə, 30 saylı Suraxanı Seçki Dairəsindən deputat olan Sevinc Fətəliyeva bundan iki dəfə çox maraqlı tərəfdir.

…İndi o da məlum olur ki, Tovuz rayon Məhkəməsində bu iş üzrə mülki mübahisəyə baxılarkən deputat Sevinc Fətəliyeva Milli Məclisdə səs verdiyi «Məhkəmə və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin («Maddə 100.Hakimlərin müstəqilliyi») tələblərini pozaraq Tovuz rayon Məhkəməsinin hakimlərinə təsir etməkdən belə çəkinməmiş, «YeloBank»ın xeyrinə qərar veririlməsində israrlı olmuşdur. Niyə? Bu barədə az sonra.
Qanunun 100-cü maddəsində isə deyilir: «Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir».
Bəs Deputat niyə səs verdiyi qanunun bu maddəsinin tələblərini pozmağa risq etmişdir?
Bu sualın da cavabı tapıldı. Məlum olur ki, Suraxanı 30 saylı Seçki Dairəsindən Milli Məclisin deputatı olan Sevinc Fətəliyeva Azərbaycanın müdafiə Naziri Zakir Həsənovun qardaşı oğlunun həyat yoldaşıdır! Yox, bu qohumluq xanım deputata o səlahiyyəti vermir ki, Tovuz rayon Məhkəmsinin işinə qarışsın, «YeloBank»ın xeyrinə qanunsuz və əsassız, ədalətsiz qərar qəbuluna səy göstərsin. Amma ailə maraqları buna əməllicə «imkan verir». Beləliklə, araşdırmalarla bəlli oldu ki, sən demə, deputat Sevinc Fətəliyevanın həyat yoldaşı «YeloBank» ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovdur. Anar Həsənov isə 5 yanvar 2021-ci ildən bu vəzifəni icra edir.
Sonda: ötən gün Azərbaycan Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun mediaya müsahibəsini oxuduq. Sədr indiyədək qanunun tələblərini pozan və hakim adına xələl gətirən neçə-neçə hakimin səlahiyyətinə xitam verildiyini, bir çoxlarının cəzalandırıldığını qeyd edərək, həm də xususi olaraq vurğulayır ki, Azərbaycanda hakimlər qərarlarında sərbəstdir, müstəqildir, kənar təsir və təzyiqlərdən tam sığortalanıblar!
Biz də qəti İNAM var ki, bu belədir, amma Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə Tovuz rayon Məhkəməsinin hakimi Zaur Hünmətoun «Azər-Frans» və «Tovuz-Baltiya» MMC-nin 14 miylonluqluq strateji zavodlarının 447 min manata qiymətləndirilərək «YeloBank» tərəfindən ələ keçirilməsinə etdikləri cəhdlərini görəndə bu İNAM Tovuz rayon Məhkəməsi hakimlərinin o can-fəşanlığında itib-batır… Axı, indi ölkəmizdə ən vacib məsələlərdən biri də məhkəmə müstəqilliynə və hakim ədalətinə olan İNAMın itməməsidir!
Mövzuya qayıdılacaq.
«Təzadlar»ın Araşdırma Qrupu

