Avropa Komissiyasının 2026-cı il üzrə genişlənmə hesabatında Gürcüstanda demokratiyanın vəziyyətinin daha da pisləşdiyi, siyasi hakimiyyətin mərkəzləşdirilməsinin gücləndiyi və fundamental hüquq və azadlıqların məhdudlaşdırıldığı bildirilir. Tezadlar.az xəbər verir ki, hesabatda Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı bəyan etdiyi məqsədlərlə ölkədə həyata keçirilən siyasət arasında ciddi ziddiyyətlərin olduğu vurğulanır. Avropa Komissiyasının qiymətləndirməsinə görə, hakimiyyətin Avropa İttifaqına üzvlük istiqamətində bəyan etdiyi məqsədlər sistemli şəkildə anti-Avropa ritorikasında, manipulyativ narrativlərdə və sui-qəsd nəzəriyyələrində iştirakla, Avropa İttifaqının dəyərlərinin nüfuzdan salınması və inteqrasiya üçün vacib islahatların həyata keçirilməməsi ilə ziddiyyət təşkil edib. Hesabatda Baş nazir İrakli Kobaxidzenin 2024-cü ilin noyabrında hökumətin 2028-ci ilə qədər üzvlük danışıqlarının açılması istiqamətində addım atmayacağı barədə bəyanatının Gürcüstan Konstitusiyasında və 2025–2028-ci illər üzrə hökumət proqramında müəyyən edilmiş prioritetlərə uyğun olmadığı qeyd olunur. Sənəddə bunun Gürcüstan vətəndaşlarının Avropa İttifaqına inteqrasiyaya verdiyi dəstəklə də kəskin ziddiyyət təşkil etdiyi bildirilir. Avropa Komissiyasının hesabatına əsasən, hesabat dövründə Gürcüstanda demokratiyanın vəziyyəti daha da pisləşib. Buna səbəb kimi demokratik institutların zəifləməsi, hakimiyyətin daha çox mərkəzləşdirilməsi, vətəndaş və siyasi azadlıqlara qarşı təzyiqlərin artması, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması və anti-Avropa ritorikasının yayılması göstərilir. Sənəddə əsas müxalifət partiyalarının qadağan edilməsi istiqamətində Konstitusiya Məhkəməsində davam edən proseslərin ölkənin demokratik əsasları üçün təhlükə yaratdığı vurğulanır.
Həmçinin, seçki sisteminin ümumi çərçivəsinin islahatı ilə bağlı uzun müddətdir verilən tövsiyələrin icrası istiqamətində hakimiyyətin addım atmadığı qeyd edilir. Hesabatda 2025-ci ilin oktyabrında keçirilmiş bələdiyyə seçkilərinin kəskin qütbləşmiş və repressiv mühitdə baş tutduğu, bunun seçki prosesinin rəqabətliliyinə və şəffaflığına ciddi təsir göstərdiyi bildirilir. Bu vəziyyətin səbəbləri sırasında hakim partiyaya üstünlük verən qanunvericilik dəyişiklikləri, müxalifət partiyalarının əksəriyyətinin seçkiləri boykot etməsi, seçki administrasiyasının qərəzsizliyi ilə bağlı problemlər, seçicilərin qorxudulması, ATƏT/DTİHB və etibarlı yerli müşahidəçilərin iştirakının olmaması göstərilir. Sənəddə parlament nəzarətinin məhdud qaldığı, icra hakimiyyətinin səlahiyyətlərinin isə daha da genişləndiyi qeyd olunur. Həmçinin, müxalifət liderlərinin əksəriyyətinin barəsində cinayət ittihamlarının irəli sürüldüyü, onların bir qisminin mühacirətdə olduğu, digərlərinin isə həbsdə saxlanıldığı bildirilir. Avropa Komissiyası Gürcüstanda vətəndaş cəmiyyətinin, o cümlədən insan hüquqları müdafiəçilərinin getdikcə daha repressiv mühitdə fəaliyyət göstərdiyini bildirir. Hesabatda qeyd olunur ki, tez-tez dəyişdirilən məhdudlaşdırıcı qanunvericilik və qorxutma praktikaları müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətini təhlükə altına alır. Vətəndaş cəmiyyəti təşkilatlarına və hüquq müdafiəçilərinə qarşı təzyiqlərin artdığı, onların demokratik nəzarət funksiyasının zəiflədiyi vurğulanır.
Sənəddə “Xarici təsirin şəffaflığı haqqında” qanun, “Xarici agentlərin qeydiyyatı haqqında” qanun, “Qrantlar haqqında” qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərin vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini dövlət nəzarətinə tabe etdiyi bildirilir. Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu qanunvericilik dəyişiklikləri beynəlxalq insan hüquqları standartlarına uyğun deyil və demokratik plüralizmə təhlükə yaradır. Hesabatda Venesiya Komissiyasının 2025-ci ilin oktyabrı və 2026-cı ilin oktyabrında verdiyi rəylərə də istinad edilir. Bundan əlavə, sənəddə bəzi aparıcı qeyri-hökumət təşkilatlarının bank hesablarının cinayət işi çərçivəsində qabaqlayıcı tədbir kimi dondurulduğu qeyd olunur. 2026-cı ilin martında “Qrantlar haqqında” qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərin xarici maliyyələşməyə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı, qanun pozuntularına görə 6 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu bildirilir. Hesabatda 2026-cı ilin martında Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvindən sonra vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə nəzarət səlahiyyətinin Dövlət Audit Xidmətinə verildiyi də qeyd olunur. Avropa Komissiyası Gürcüstanda qəbul edilən məhdudlaşdırıcı qanunların ifadə, toplaşma və birləşmək azadlıqlarına mənfi təsir göstərdiyini bildirir. Hesabata görə, 2025-ci ilin oktyabrında və 2026-cı ilin martında qanunvericiliyə edilən dəyişikliklər vətəndaş cəmiyyəti, siyasi iştirak və xarici maliyyələşmə sahələrində məhdudiyyətləri genişləndirib. Venesiya Komissiyasının rəylərində də bu dəyişikliklərin Gürcüstan vətəndaşlarının fundamental hüquq və siyasi azadlıqlarına qeyri-mütənasib məhdudiyyətlər yaratdığı vurğulanıb. Hesabatda ötən il verilmiş tövsiyələrin yerinə yetirilmədiyi və qüvvədə qaldığı bildirilir.
Avropa Komissiyası Gürcüstan hakimiyyətindən aşağıdakı addımları atmağı tələb edir: – Siyasətçilər, jurnalistlər və fəallar da daxil olmaqla, özbaşına həbs edilmiş bütün şəxsləri azad etmək; – Fundamental hüquq və azadlıqları Avropa və beynəlxalq standartlara zidd şəkildə məhdudlaşdıran qanunvericiliyi ləğv etmək; – Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc tətbiqinin aşılması, işgəncə və digər qeyri-insani rəftarla bağlı iddiaları hərtərəfli araşdırmaq; – Bu hallara görə məsuliyyət daşıyan şəxsləri qanun qarşısında cavab verməyə cəlb etmək. Avropa Komissiyasının hesabatında, həmçinin, Gürcüstanda siyasi hakimiyyətin hakim partiya və icra hakimiyyəti institutlarında cəmləşməsinin davam etdiyi, yerli səviyyədə qərarların qəbuluna siyasi, inzibati və maliyyə təzyiqlərinin göstərildiyi qeyd olunur.






