Avropa Birliyi (AB) Komissiyası böhranın ilk üç günü ərzində vətəndaşların əsas ehtiyaclarını özləri ödəmələri üçün tövsiyələri, eləcə də hazırlıq təlimi və etibarlı məlumatlara çıxışı təmin edən yeni fövqəladə hallar üzrə təlimat dərc edib.
Tezadlar.az xəbər verir ki, AB Komissiyasının açıqlamasında Avropanın “daha tez-tez və mürəkkəb böhranlarla” üzləşdiyi və buna görə də qitənin “daha dayanıqlı” olması üçün konkret tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Açıqlamada əlavə edilib ki, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə AB komissarı Hadja Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşların fövqəladə hallara hazırlanması ilə bağlı yeni təlimatı açıqlayıb.
Yeni təlimatda ictimai yardım mövcud olana qədər vətəndaşların ilk üç gün ərzində əsas ehtiyaclarını özləri ödəmələri üçün səylərin göstərilməsi tövsiyə olunur.
Fövqəladə hallara hazırlıq təhsil proqramına daxil edilir
Bundan əlavə, fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai məktəb tədris planına daxil edilməsi, təhsil işçiləri üçün təlimlərin keçirilməsi və əlilliyi olan şəxsləri əhatə edən daha inklüziv hazırlıq tədbirlərinin yaradılması nəzərdə tutulur.
Təlimatlara həmçinin səlahiyyətli orqanların fövqəladə hallardan əvvəl, zamanı və sonra vətəndaşlara etibarlı məlumat verməsinin təmin edilməsi də daxildir.
Həmçinin, fövqəladə hallara hazırlığı bütün Avropada ortaq bir prioritetə çevirmək məqsədi ilə 2027-ci ildən etibarən hər il 23 oktyabrda “AB Hazırlıq Günü”nün təsis edilməsi təklif olunur.
ELBAR






