BAKI, 29 oktyabr. TELEQRAF
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes İngiltərə Bankından ölkəsinə məxsus qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edib.
Teleqraf xəbər verir ki, Rodriqes bu barədə Nazirlər Şurasının iclasında çıxış edib. Onun açıqlaması “Venezolana de Televisión” telekanalında yayımlanıb.
“Mən İngiltərə Bankından qızıllarımızın qaytarılması tələbimdən imtina etməyəcəyəm. Artıq bəhanələrə son qoyulmalıdır. Milli Assambleya ilə 2015-ci ildə seçilmiş müxalif parlament arasında razılıq əldə olunub. Venesuelanın siyasi qüvvələri qızılların ölkəmizə qaytarılmasını tələb edirlər”, – Rodriqes bildirib.
O, Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa qızıl ehtiyatlarının geri alınması üçün müvafiq tədbirlərə başlamaq barədə göstəriş verib.
Rodriqes vurğulayıb ki, İngiltərə Bankında saxlanılan qızıllar Venesuela xalqına məxsusdur və ölkəyə qaytarılmalıdır.
Məlumata görə, İngiltərə Bankının anbarlarında Venesuelaya məxsus 31 ton qızıl saxlanılır. Bu ehtiyatların təxmini dəyəri 4,8 milyard dollar qiymətləndirilir.
Qızıl ehtiyatları ətrafında mübahisə 2018–2019-cu illərdə Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımaqdan imtina etməsindən sonra başlayıb.
Ölkədə siyasi hakimiyyətin dəyişməsinə və prezident səlahiyyətlərinin Rodriqesə keçməsinə baxmayaraq, Böyük Britaniya yeni rəhbərliyi də tanımır.
London Venesuelaya qarşı tətbiq edilən sanksiyaları da əsas gətirərək qızıl ehtiyatlarını qaytarmaqdan imtina edir.






