BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz şərəfinə adlandırmaq niyyətində olduğunu yenidən bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında Konqresə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Düşünürəm ki, onun adını Tramp boğazı qoyacağıq. Meksika körfəzinin adını Amerika körfəzi, Ontario gölünün adını isə Amerika gölü olaraq dəyişdirdik. Hesab edirəm ki, nə vaxtsa Hörmüz boğazını da Tramp boğazı adlandıracağıq”, – ABŞ lideri bildirib.
Tramp bu fikrində ciddi olduğunu xüsusi vurğulayıb.
“Bizim körfəzimiz var, gölümüz var, indi boğazımız da ola bilər. Elə bilirsiniz, zarafat edirəm? Meksika körfəzinin adını dəyişmək istəyəndə də hamı zarafat etdiyimi düşünürdü. Amma mən bunu həqiqətən edəcəyimi söyləmişdim”, – prezident qeyd edib.
ABŞ lideri Hörmüz boğazından hazırda yeddi ay əvvəllə müqayisədə daha çox neft daşındığını da iddia edib.
O, İranla münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətlərinin aşağı düşəcəyini vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzi və Ontario gölünün adlarının ABŞ-nin federal sənədlərində və xəritələrində dəyişdirilməsinə dair sərəncamlar imzalayıb. Bu dəyişikliklər beynəlxalq səviyyədə həmin coğrafi obyektlərin adlarının avtomatik dəyişdirilməsi demək deyil.
ABŞ-nin gələcək prezidentləri isə müvafiq sərəncamları ləğv edə bilərlər.





