BAKI, 9 oktyabr. TELEQRAF
"Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və ardıcıl xarici siyasət kursu Azərbaycanın region dövlətləri ilə əlaqələrinin daha da dərinləşməsinə, yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına və ölkəmizin regional proseslərdə rolunun güclənməsinə imkan verib. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin iştirakı da bu münasibətlərin strateji əhəmiyyətini bir daha nümayiş etdirib".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti son illərdə əhəmiyyətli dərəcədə genişlənib:
“Siyasi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması və çoxtərəfli platformalarda fəal əməkdaşlıq region dövlətləri ilə münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Möhtərəm Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığa verdiyi strateji əhəmiyyəti aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısı Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulamaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı fəaliyyətinin genişlənməsinə diqqət çəkib. Bu münasibətlərin iqtisadi ölçüsü də getdikcə böyüyür. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması qarşılıqlı iqtisadi əlaqələrin yüksək tempini göstərir. Eyni zamanda, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi investisiya əməkdaşlığının da geniş miqyas aldığını nümayiş etdirir”.

Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında nəqliyyat və logistika istiqaməti xüsusi yer tutur: “Xəzər dənizi üzərindən formalaşan bağlantılar, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizin inkişafı ölkəmizin regionlararası iqtisadi əlaqələrdə rolunu daha da artırır. Bu əməkdaşlıq həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın region dövlətləri ilə münasibətlərində enerji əməkdaşlığı da mühüm istiqamətlərdən biridir. Enerji resurslarının nəqli, yeni marşrutların formalaşdırılması və enerji təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq tərəflərin uzunmüddətli maraqlarına cavab verir. Bununla yanaşı, rəqəmsal bağlantılar, ticarət, investisiya, sənaye və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur”.
S.Salmanova qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır: “Ölkəmiz regional əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və kommunikasiya imkanlarının artırılması, iqtisadi əlaqələrin şaxələndirilməsi və yeni tərəfdaşlıq formatlarının formalaşdırılması prosesində fəal iştirak edir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı daha geniş geoiqtisadi proseslərin mühüm tərkib hissəsinə çevrilir. Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın bu prosesdə fəal rolunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin görüşdə iştirakı və Azərbaycanın mövqeyini ifadə edən mühüm mesajları ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisi oldu. Son illərin təcrübəsi göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və praktiki əməkdaşlıq üzərində inkişaf edir. Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi-ticari münasibətlərin genişlənməsi ilə tamamlanır, qarşılıqlı investisiyalar artır, birgə layihələrin sayı çoxalır. Bütün bunlar Azərbaycanın xarici siyasət və iqtisadi diplomatiya sahəsində əldə etdiyi mühüm nəticələrin göstəricisidir. Ölkəmiz regional proseslərin fəal iştirakçısı olmaqla yanaşı, geniş coğrafiyada əməkdaşlıq gündəliyinin formalaşmasına mühüm töhfə verir”.
Parlamentari söyləyib ki, Mərkəzi Asiya ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açır: “Qarşılıqlı ticarətin və investisiyaların artırılması, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, enerji və digər sahələrdə yeni layihələrin reallaşdırılması Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcək. Türkmənbaşı görüşü bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq strateji xarakter daşıyır və bu əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsi üçün möhkəm siyasi və iqtisadi əsaslar mövcuddur. Möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi ardıcıl xarici siyasət kursu Azərbaycanın regionda etibarlı və fəal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.




