BAKI, 15 oktyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərində güclü yağış və fırtına səbəbindən beynəlxalq hava limanına eniş etməli olan 40-dan çox təyyarə digər hava limanlarına yönləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə NTV telekanalı Türkiyənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, 16 aviareys Ankaraya, 10 reys İzmirə, 8 reys isə İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen adına hava limanına yönləndirilib.
Oktyabrın 14-də İstanbulda müşahidə olunan leysan yağışları və güclü külək şəhərin bir sıra rayonlarında nəqliyyatın hərəkətini iflic edib.
Rəsmi məlumatlara əsasən, 1277 yaşayış evini su basıb, 15 torpaq sürüşməsi qeydə alınıb. Güclü yağış nəticəsində şəhərin bir çox küçəsi su altında qalıb, yeraltı keçidləri su basıb. Pik saatlarda yollarda tıxacın səviyyəsi 89 faizə çatıb.
Əlverişsiz hava şəraiti insan itkisinə də səbəb olub. İstanbulun Fatih rayonunda su yığılan ərazidə elektrik cərəyanı vurması nəticəsində 14 yaşlı yeniyetmə həyatını itirib.
İstanbul hakimiyyəti oktyabrın 15-i üçün şəhərdə sarı meteoroloji xəbərdarlıq elan edib.
Proqnozlara görə, leysan yağışları günün sonunadək davam edəcək. Yeni subasma və sel hadisələri, eləcə də nəqliyyat və infrastrukturun fəaliyyətində fasilələr istisna edilmir.
Sakinlərə və turistlərə zərurət olmadıqda evlərindən çıxmamaq tövsiyə olunub.
Güclü yağışlarla əlaqədar İstanbulda məktəblərdə dərslər dayandırılıb, bəzi kateqoriyalardan olan dövlət qulluqçuları üçün isə inzibati məzuniyyət elan edilib.






