BAKI, 21 oktyabr. TELEQRAF
İran Səudiyyə Ərəbistanı ilə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı arasında münaqişənin nizamlanmasında vasitəçilik etməyə hazırdır. Lakin Tehran bu təşəbbüsünə tərəflərdən hələlik cavab almayıb.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
İraqın “Al-Iraqiya News” telekanalının məlumatına görə, nazir İranın Səudiyyə Ərəbistanı və husilər arasında vasitəçilik təklifinin qüvvədə qaldığını vurğulayıb.
“İran Səudiyyə Ərəbistanı ilə ‘Ənsar Allah’ arasında vasitəçilik etməyə hazırdır, lakin hələlik tərəflərin heç birindən cavab almayıb”, – deyə Əraqçi bildirib.
Nazir İranın Qırmızı dənizdə baş verən hadisələrin birbaşa iştirakçısı olmadığını da qeyd edib. Onun sözlərinə görə, regiondakı gərginlik özünəməxsus şərait və səbəblərlə bağlıdır.
Əraqçi husilərin Tehranın təşəbbüsünə cavab verməməsini hərəkatın qərarlarını müstəqil şəkildə qəbul etməsinin göstəricisi kimi qiymətləndirib.
İran XİN rəhbəri vurğulayıb ki, Yəmən böhranının həlli üçün tərəflər arasındakı fikir ayrılıqlarının əsas səbəbləri aradan qaldırılmalı, yalnız hərbi və siyasi təzyiq vasitələrinə üstünlük verilməməlidir.






