BAKI, 8 oktyabr. TELEQRAF
Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Maksim Əhmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəlki iclasda çıxış edən prokuror təqsirləndirilənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə - xuliqanlıq niyyəti ilə törədildikdə), 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, gəzdirmə) maddələri ilə ititham verilib.
Məlumata görə, mərhum Səlim Əliyev Binə qəsəbəsində əmlak alqı-satqısı (makler) kimi fəaliyyət göstərib.
