BAKI, 16 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) büdcə çatışmazlığını aradan qaldırmaq məqsədilə kriptovalyuta əməliyyatlarına və iri texnologiya şirkətlərinin gəlirlərinə yeni vergilərin tətbiqi imkanlarını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Brüsseldə keçirilən sammitdə büdcə müzakirələrinin nəticəsiz qalmasından sonra yeni gəlir mənbələrinin araşdırılmasına razılıq verib.
Söhbət kriptovalyuta ticarəti ilə məşğul olan şirkətlərə, ABŞ-nin iri texnologiya korporasiyalarının gəlirlərinə və onlayn kazinolara vergi tətbiq edilməsindən gedir.
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa Parlamentinin kriptovalyuta ticarəti şirkətlərinə, texnologiya nəhənglərinin gəlirlərinə və onlayn kazinolara vergi tətbiqi ilə bağlı təklifini araşdırmağı öhdəsinə götürüb”, – nəşrin mənbələri bildirib.
Məlumata görə, yeni vergilər Aİ-nin növbəti yeddiillik büdcəsinin maliyyələşdirilməsinə və mövcud vəsait çatışmazlığının kompensasiya edilməsinə yönəldilə bilər.
Koştanın araşdırmanın nəticələrini noyabrın 26-da keçiriləcək fövqəladə Aİ sammitində təqdim etməsi gözlənilir.
Həmin toplantıda üzv ölkələrin liderləri 2028–2034-cü illəri əhatə edən büdcə layihəsi üzrə müzakirələri davam etdirəcəklər.
Qeyd edək ki, yeni vergilərin tətbiqi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.





