BAKI, 22 oktyabr. TELEQRAF
Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın istefasını tələb edən etirazçılarla polis arasında növbəti toqquşmalar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Albaniyanın ATA informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Baş nazirin iqamətgahı qarşısına toplaşan nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına yandırıcı qarışıqla doldurulmuş butulkalar atıblar.
Etirazçılar hökumət başçısının dialoq təklifinə cavab olaraq plastik kreslonu da yandırıblar. Belə ki, Edi Rama daha əvvəl dinc dialoqa çağırış məqsədilə iqamətgahının qarşısına bir neçə kreslo yerləşdirmişdi.
Polis sonradan nümayişçiləri Baş nazirin iqamətgahı ətrafından uzaqlaşdırıb.
Qeyd edək ki, Tiranada iğtişaşlar artıq doqquzuncu gündür davam edir. Etirazlar oktyabrın 13-də Albaniyanın Təhsil Nazirliyi qarşısında keçirilən tələbə aksiyası zamanı başlayıb.
Nümayişçilər hökumət başçısının istefasını tələb edirlər. Müxalifətdə olan Demokratik Partiyanın sədri Sali Berişa da etiraz aksiyalarına dəstəyini açıqlayıb.
Bundan əvvəl ölkədə 130 gündən artıq müddətdə Adriatik dənizi sahilində yerləşən Vyosa-Narta qoruq ərazisində kurort tikintisi layihəsinə qarşı hökumət əleyhinə aksiyalar keçirilirdi.
Layihə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus “Affinity Partners” investisiya şirkəti ilə əlaqələndirilir. Şirkət yaşayış olmayan Sazan adasında və yüzlərlə hektar mühafizə olunan ərazidə turizm kompleksi yaratmağı planlaşdırır.
Albaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu qoruq ərazisinin hüquqi statusunda edilən dəyişikliklərlə bağlı araşdırma aparır.






