BAKI, 5 noyabr. TELEQRAF
Şimali Koreya ən yeni hava hücumundan müdafiə (HHM) kompleksinin sınaq buraxılışını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, noyabrın 4-də keçirilən sınaq zamanı yeni HHM kompleksinin texniki göstəriciləri, uçuş aparatında istifadə olunan materialların etibarlılığı, çoxsaylı kombinə edilmiş intellektual idarəetmə sistemi, hədəflərin aşkarlanması və tanınması, eləcə də kəşfiyyat məlumatlarının emalı imkanları yoxlanılıb.
Agentliyin məlumatına görə, həmin gün ölkənin şərq bölgəsində yerləşən uzaqmənzilli strateji qanadlı raket bölməsinin nümayiş xarakterli atış təlimləri də keçirilib.
Qeyd olunub ki, sınaqlar və hərbi təlimlər döyüş sistemlərinin texniki modernləşdirilməsi, strateji silahların etibarlılığının və döyüş qabiliyyətinin artırılması məqsədilə həyata keçirilib.





