BAKI, 12 oktyabr. TELEQRAF
“Özbəkistanda futbola aidiyyəti olan hər kəs “Sabah”ın azarkeşinə çevrilib. Hamı bir ürəklə qalib gəlməyimizi istəyir”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah” klubunun futbolçusu Umarali Raxmonaliyev deyib.
Özbəkistan millisinin üzvü UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda Çexiya təmsilçisi “Slaviya” ilə keçiriləcək oyundan əvvəl ölkəsində də Azərbaycan çempionuna böyük dəstək göstərildiyini bildirib.
O, qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb:
“Meydanda pis oynamaq haqqımız yoxdur. Biz ürəklə oynayacağıq. Azərbaycanlı futbolçu olmasaq da, Azərbaycan klubunda çıxış edirik. Buna görə də meydanda yüz faiz gücümüzü qoyacağıq. Nəticənin necə olacağını əvvəlcədən deyə bilmərəm, lakin düşünürəm ki, kim güclüdürsə, o da qalib gələcək. İnanıram ki, güclü tərəf biz olacağıq. Həyəcan yoxdur. Azarkeşlərin dəstəyi ilə biz də ruhlanacağıq. Bu oyuna həm mental, həm də futbol baxımından hazır olacağıq”.
23 yaşlı yarımmüdafiəçi Çexiya təmsilçisinin futbolçularını izlədiyini, lakin rəqib barədə əvvəlcədən fikir bildirmək istəmədiyini söyləyib:
““Slaviya”nın oyunlarına baxmışam, oyunçularını da izləmişəm. Amma hansının daha təhlükəli olduğunu deyə bilmərəm. Bizim üçün əsas olan meydandan yaxşı nəticə ilə ayrılmaqdır. Ona görə də rəqibin fərdi oyunçularına deyil, öz oyunumuza köklənmişik”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.



