Dünya · SİA

Süni intellekt "Samsung"a milyardlar qazandırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süni intellekt "Samsung"a milyardlar qazandırır xəbəri üçün şəkil

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics süni intellekt bumunun yaratdığı çip tələbindən böyük gəlir əldə edir. Şirkət 2026-cı ilin üçüncü rübündə əməliyyat mənfəətinin 107,4 trilyon von, yəni təxminən 80,2 milyard dollar olacağını açıqlayıb.

Bu göstərici ötən ilin eyni dövründəki 12,17 trilyon vondan təxminən 7,8 dəfə çoxdur. Beləliklə, Samsung ardıcıl dördüncü rübdə rekord əməliyyat mənfəəti əldə etmiş olacaq. Samsungun rekord nəticəsinin əsas səbəbi süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafıdır. Dünyanın iri texnologiya şirkətləri Sİ sistemləri üçün nəhəng məlumat mərkəzləri qurduqca yüksək məhsuldarlıqlı yaddaş çiplərinə tələbat da kəskin artır.

Xüsusilə HBM – yüksək ötürmə qabiliyyətli yaddaş çipləri süni intellekt sistemlərinin böyük həcmdə məlumatı sürətlə emal etməsində mühüm rol oynayır. Sİ infrastrukturuna qoyulan investisiyaların sürəti yaddaş çiplərinin istehsalındakı artımı üstələdiyindən bazarda çatışmazlıq yaranıb. Bu da çip qiymətlərinin yüksəlməsinə və istehsalçıların gəlirlərinin artmasına səbəb olub.

Samsung üçüncü rüb üzrə ümumi satışlarının təxminən 195 trilyon von olacağını proqnozlaşdırır. Bu, 2025-ci ilin üçüncü rübü ilə müqayisədə təxminən 127 faiz artım deməkdir. Şirkətin rəsmi məlumatına görə, 2026-cı ilin ikinci rübündə satışlar 171,5 trilyon von, əməliyyat mənfəəti isə 89,49 trilyon von olub.

Reuters yazır ki, Samsung və digər iri yaddaş çipi istehsalçıları bazardakı sıxlığın yaxın illərdə də davam edə biləcəyini gözləyirlər. Süni intellekt üçün məlumat mərkəzlərinə investisiyaların artması yaddaş çiplərinə olan tələbi yüksək səviyyədə saxlayır. Bununla belə, şirkət üçün risklər də qalır. Çip qiymətlərində artım tempinin zəifləməsi, Cənubi Koreya vonunun möhkəmlənməsi, Çində rəqabətin artması və gələcəkdə Sİ investisiyalarının yavaşlaması Samsungun nəticələrinə təsir göstərə bilər.

Açıqlanan rəqəmlər ilkin göstəricilərdir. Samsung üçüncü rübün biznes bölmələri üzrə ətraflı maliyyə nəticələrini 29 oktyabrda açıqlayacaq. Hazırkı nəticələr isə süni intellekt bumunun texnologiya sektorunda yaratdığı iqtisadi təsirin miqyasını göstərir. Sİ sistemlərinin inkişafı yalnız proqram təminatı şirkətlərinin deyil, onların işləməsi üçün lazım olan çip və yaddaş istehsalçılarının da gəlirlərini sürətlə artırır.

Lalə Mehralı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑