Böyük Britaniyanın London şəhərində yerləşən Great Ormond Street Uşaq Xəstəxanasında reanimasiya şöbəsində müalicə alan uşaqlar üçün yeni genetik analiz üsulundan istifadə olunur. Metagenomik test adlanan bu texnologiya adi müayinələr zamanı aşkarlanmayan infeksiyaları müəyyən etməyə və həkimlərə daha düzgün müalicə seçməkdə kömək edə bilər.
Tədqiqat zamanı reanimasiya şöbəsində müalicə alan 122 uşağın nümunələri araşdırılıb. Yeni üsul bir nümunədəki genetik materialı təhlil edərək müxtəlif bakteriyaları, virusları və göbələkləri eyni vaxtda aşkar edə bilir. Ənənəvi testlərdən fərqli olaraq, həkimlərin əvvəlcədən konkret hansı mikrobu axtardıqlarını müəyyən etməsi tələb olunmur.
Yeni texnologiyadan faydalanan uşaqlardan biri Kent qraflığından olan 10 yaşlı Willow Crowther olub. O, 2026-cı ilin martında ağır pnevmoniya keçirib. Vəziyyəti kəskin pisləşən uşaq qıcolma və ürəyin dayanması ilə nəticələnən ciddi ağırlaşmalar yaşayıb. Willow London xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun sağ qalma ehtimalını 50 faiz qiymətləndiriblər.
Aparılan metagenomik analiz uşağın qəbul etdiyi antibiotikə davamlı bakterial infeksiyanı müəyyən edib. Bu nəticə həkimlərə müalicəni dəyişmək və təsirli antibiotik seçmək imkanı yaradıb. Müvafiq müalicədən sonra uşağın vəziyyəti yaxşılaşıb. O, bir neçə ay xəstəxanada müalicə və bərpa prosesi keçib. Willowun anası Stacey Moore testin qızının həyatının xilas edilməsində mühüm rol oynadığını bildirib.
2024–2025-ci illərdə aparılmış tədqiqat çərçivəsində 122 ağır vəziyyətdə olan uşağın 177 tənəffüs nümunəsi təhlil edilib. Nəticələr göstərib ki, yeni üsul bir sıra infeksiyaları standart analizlərdən daha geniş şəkildə aşkarlaya bilir. Testin nəticələri nümunələrin təxminən 29 faizində klinik müalicə qərarlarına təsir göstərib. Təxminən 26 faizində isə antibiotiklərin təyin edilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlara təsir edib.
Bundan başqa, yeni analiz adi diaqnostik üsullarla müəyyən edilməyən 50 mikroorqanizmi aşkarlayıb. Onların mövcudluğu əlavə müayinələrlə təsdiqlənib. Mütəxəssislər hesab edirlər ki, bu texnologiya antibiotiklərə davamlı infeksiyalarla mübarizədə də faydalı ola bilər. Çünki infeksiyanın səbəbini daha dəqiq müəyyənləşdirmək təsirsiz dərmanların istifadəsini azaltmağa kömək edir.
Xəstəxana və tədqiqat qrupları yeni testin Böyük Britaniyanın digər reanimasiya şöbələrində də tətbiqini genişləndirməyi planlaşdırırlar. Mütəxəssislərin fikrincə, metagenomik analiz yalnız mövcud infeksiyaların aşkarlanmasında deyil, həm də əvvəllər məlum olmayan və ya yeni ortaya çıxan təhlükəli patogenlərin müəyyən edilməsində əhəmiyyətli rol oynaya bilər.
Bununla belə, yeni test bütün infeksiyaların aşkarlanmasına və ya hər bir xəstənin sağalmasına zəmanət vermir. Onun nəticələri digər klinik məlumatlarla birlikdə qiymətləndirilməlidir.
Lalə Mehralı


