Siyasət · SİA

Bakı Forumunda Azərbaycanın təcrübəsi uğurla təqdim olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı Forumunda Azərbaycanın təcrübəsi uğurla təqdim olunub xəbəri üçün şəkil

Hər bir milləti yaşadan və dünyada tanıdan onun zəngin mədəniyyəti, yüksək mənəvi dəyərləridir. Xalqımız milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə edən xalqlardandır. Min illərdir ki, xalqımıza məxsus mədəniyyət nümunələri, abidələri, daş kitabələri, adət-ənənəsi, milli əxlaqi dəyərləri öz orjinallığını qoruyub saxlayır. Ulularımızdan bizə miras qalan zəngin mənəvi dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməyi hər bir azərbaycanlı özünün müqəddəs və mənəvi borcu hesab edir.

Tarixən ölkəmizdə fərqli dinlərə, dillərə, mədəniyyətlərə malik millətlər yaşayıb. Onlarla birgə yaşayış, qarşılıqlı hörmət, humanizm, tolerantlıq və insan ləyaqətinə ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Bu gün də Azərbaycanda islam dininə ibadət edən əhali ilə yanaşı, xristian və yəhudi icmalarının nümayəndələri yaşayır. Fərqli dinlərin daşıyıcıları olan millətlər Azərbaycan qanunvericilyinə uyğun olaraq dini ayinlərini, adət-ənənələrini icra edir və yaşadırlar. Bu ənənə Azərbaycan müstəqilliyini qazandığı dövrdən qoyulub, dəyişməyib və bu gündə davam edir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dediyi kimi: “Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur”.
Azərbaycanın şəhərlərində, kənd və qəsəbələrində məscidlərlə bərabər, sinaqoqlar, kilsələr fəaliyyət göstərir və müxtəlif dinlərin daşıyıcıları olan insanlar sərbəst şəkildə ibadət ocaqlarına gedib, öz dinlərinə məxsus ayinlərini icra edirlər. Bu da bir daha Azərbaycanın multikultural və tolerant dövlət olduğunu təsdiqləyir. Bütün bu kimi ali dəyərlər ölkəmizin Konstitusiyasında öz əksini tapıb. Azərbaycan Respublikasının Konstitusiyasında insanların bərabərliyi, vicdan azadlığı və ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı müddəalar təsbit olunub. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə tam təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq isə qadağandır. Azərbaycan vətəndaşı olan hər bir kəs, eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev tarixi çıxışlarının birində ölkəmizdəki yüksək tolerantlıq hissi barədə demişdir: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir”.
Azərbaycanın multikultural dəyərlərinin dünya xalqlarına çatdırılması, beynəxalq aləmdə tanıdılması da ölkəmizin humanitar siyasətinin başlıca məqsədlərindəndir. Azərbaycanda keçirlən Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq miqyaslı forumlar, konfranslar dünyada mədəniyyətlərarası əməkdaşlığın, dini dialoqun dərinləşməsinə mühüm töhfə verir. 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər, irəli sürülən təklif və ideyalar, qəbul edilən qərarlar dünyada sülhün və tərəfdaşlığın inkişafında müstəsna rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış mərasimindəki çıxışında ölkəmizin multikulturalizm ənənələrini, milli birliyin əhəmiyyətini, beynəlxalq hüquqa hörmətin vacibliyini, münaqişələrin həlli və davamlı sülhün təmin olunması məsələlərini tədbir iştirakçılarının, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident İlham Əliyevin tarixi faktlara əsaslanaraq qeyd etdiyi kimi: “Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar”.
Təbii ki, Prezident İlham Əliyev qeyd etdiyi aktual məsələlərdə Azərbaycanın coğrafi mövqeyinə istinad olunur. Çünki, reallıq ondan ibarətdir ki, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanlarda yerləşən Azərbaycan zəngin mədəni dəyərlərini, qarşılıqlı hörmət və anlaşmanı yüksək səviyyədə dünya ictimaiyyətinə nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışında haqlı olaraq bildirdi ki, hamımız milli ideyalar ətrafında birləşirik: “Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.
Azərbaycan ərazisində müxtəlif siyasi, ictimai proseslərin baş verməsinə baxmayaraq Azərbaycan xalqı öz ənənələrini, dinini, dilini, mədəniyyətini qoruyub saxlamağı bacarıb. Prezident İlham Əliyev forumda çıxışı zamanı diqqətləri məhz bu məsələyə yönəltdi. Bildirdi ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq.
Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir;
“Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik” deyən Prezident İlham Əliyev onu da bildirdi ki, biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik: “Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində konsensusa gəlmişdilər, lakin onlar Azərbaycan xalqının nə düşündüyünü, Azərbaycan hökumətinin nəyi planlaşdırdığını səhv hesablamışdılar”.
Prezident İlham Əliyev diqqətçəkən çıxışında 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsindən və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatından bəhs etdi. Bildirdi ki, biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik: “Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq təşkilatlar daxilndə kök salan problemlərdən danışarkən, həm də həmin problemlərin aradan qaldırılması yollarını da göstərdi. Xüsusilə də, Cənab Prezident Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyini söylədi: “Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi”.
Bu bir faktdır ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qazandığı hərbi, siyasi, diplomatik qələbədən sonra bəzi dövlətlər, o cümlədən AŞPA, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli mövqe sərgilməyə başladılar. Bu isə onu təsdiq edir ki, sözü gedən dövlətlər və beynəlxalq təşkilatlar birbaşa ermənipərəst siyasət yürüdür və Azərbaycanın uğurlarından ciddi narahatlıq keçirlər. Əsalı olaraq Prezident İlham Əliyev Forumda çıxışı zamanı bu məsləyə xüsusi önəm verdi. Cənab Prezident qeyd etdi ki, biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq: “İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır”;
Göründüyü kimi, Azərbaycanın dünya miqyasında nüfuzu və hörməti ancaq Avropanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika əlaqələrinin inkişafında, iqtisadi, sosial tərəqqiyə nail olması ilə yekunlaşmır. Azərbaycan həm də, mədəniyyətlərarası dialoqa verdiyi töhfə, sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm gücə malik olması ilə də tanınır və seçilir.

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑