Siyasət · SİA

Şuşanın azad olunması Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şuşanın azad olunması Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir xəbəri üçün şəkil

Şuşa – Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı, milli kimliyimizin və tarixi yaddaşımızın rəmzidir. Hər il 8 noyabr tarixində qeyd olunan Şuşa Şəhəri Günü xalqımızın tarixi irsinə, milli birliyinə və Vətənə bağlılığına həsr olunmuş əlamətdar gündür.

Şuşa şəhəri əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatında mühüm yer tutmuşdur. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə bölgənin mühüm mədəniyyət və ticarət mərkəzlərindən birinə çevrilmişdir. Şuşa Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin inkişafına böyük töhfələr vermişdir. Burada yetişən görkəmli şəxsiyyətlər – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və bir çox başqaları Azərbaycan mədəniyyətini dünyada tanıtmışlar.
2020-ci il noyabrın 8-də 44 günlük Vətən müharibəsinin taleyində həlledici rol oynayan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində mühüm hadisəyə çevrildi. Bu təqvim xalqımızın birliyinin, Azərbaycan Ordusunun peşəkarlığının, igidliyinin və qəhrəmanlığının təcəssümü oldu.
Tarixi Zəfərin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik fəaliyyəti, qətiyyətli siyasi iradəsi, düzgün strateji qərarları və hadisələrin gedişatını dəqiq qiymətləndirmək bacarığı mühüm rol oynamışdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu müasir hərb tarixində özünəməxsus yer tutan hərbi əməliyyatlar həyata keçirərək Şuşanı işğaldan azad etmişdir. Xüsusilə mürəkkəb dağlıq ərazidə aparılan Şuşa əməliyyatı Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, peşəkarlığını, cəsarətini və Vətən sevgisini nümayiş etdirmişdir. Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Ali Baş Komandan kimi fəaliyyəti ilə xalq-ordu birliyinin nümayiş olunduğu bu Zəfər Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələ olmuşdur.
Ölkə rəhbərinin müvafiq sərəncamı ilə 8 noyabrın Şuşa Şəhəri Günü kimi təsis edilməsi həm də xalqımızın yaddaşında Zəfər Günü kimi yaşayır.
Şuşanın azadlığa qovuşması ilə şəhərin həyatında yeni mərhələ başladı. Bu gün Şuşada genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri həyata keçirilir. Tarixi abidələr, məscidlər, muzeylər, tarixi binalar və mədəniyyət ocaqları yenidən bərpa olunur. Şəhərin tarixi simasının qorunması, infrastrukturun yenilənməsi və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. 2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışı başlanmışdır.
Şuşa bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının və beynəlxalq mədəniyyət ictimaiyyətinin diqqət mərkəzindədir. Şəhərin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Şuşanın hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın keçmişindən xəbər verir. Cıdır düzü, İsa bulağı, Yuxarı Gövhər Ağa məscidi, qala divarları və digər tarixi məkanlar milli yaddaşımızın ayrılmaz hissəsidir. Bu müqəddəs şəhərin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması hər birimizin mənəvi borcudur.
Beləliklə, 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi bir gündür. Bu günü biz yalnız bir şəhərin azad edilməsini deyil, həm də milli iradəmizin, birliyimizin, Vətən sevgimizin və tarixi yaddaşımızın təntənəsini qeyd edirik. Çünki Şuşa Azərbaycan xalqının qürur mənbəyi, mədəniyyətimizin beşiyi və milli kimliyimizin ayrılmaz parçasıdır. Onun yenidən qurulması, dirçəldilməsi və doğma sakinlərinə qovuşması Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir.

Əli Hüseynli
Milli Məclisin deputatı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑